Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Qərbi Afrika liderlərinin Nigerdə çevriliş edənlərə verdiyi vaxt bitdi: Hərbi müdaxilə olacaq?
Qərbi Afrika liderləri Nigerlə bağlı vəziyyəti müzakirə etmək üçün avqustun 10-na görüş təyin ediblər.
Görüşdə məqsəd, qonşu ölkələr tərəfindən Niger xuntasına qarşı irəli sürülmüş ultimatumda bəyan edildiyi kimi, Nigerdəki üsyançıların devrilmiş prezident Məhəmməd Bazumu azad etmək və onu hakimiyyətə qaytarmaq tələbindən imtina etmələri ilə bağlı müzakirələr aparmaqdır.
Xatırladaq ki, hələ iyulun 26-da Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) Nigerdəki çevriliş liderlərinə istefa vermələri üçün avqustun 6-dək vaxt vermişdi. Əks halda üsyan liderlərinə mümkün hərbi müdaxilə barədə xəbərdarlıq edilmişdi.
Lakin özünü dövlət başçısı elan edən Niger Prezident Qvardiyasının keçmiş komandiri, general Abdurahman Çianinin rəhbərlik etdiyi xunta bunun əvəzində ölkənin hava məkanını bağladığını elan edib və ölkəni hücumdan qoruyacağını bəyan edib.
Həmçinin, çevriliş liderləri keçmiş maliyyə naziri Əli Mahamane Lamin Zeini yeni baş nazir təyin ediblər. Bu, xuntanın hakimiyyətdə qalmaq istəyindən xəbər verə bilər.
ECOWAS bloku buna birbaşa cavab verməsə də, qarşıdurmanı müzakirə etmək üçün sammit keçirəcəyini bildirib. Avropa İttifaqı və ABŞ hesab edirlər ki, belə bir qərar vəziyyətin diplomatiya yolu ilə həlli üçün vasitəçiliyə daha çox vaxt qazandırır.
Belə ki, avqustun 7-də Nigerin paytaxtı Niameyə ABŞ dövlət katibinin müavini vəzifəsini icra edən Viktoriya Nuland səfər edib, lakin çevrilişin liderləri onun “ev dustaqlığı”nda olan devrilmiş prezident Bazumla görüşünə razılıq verməyiblər.
Mənbə: “Reuters”
Rəylər