BMT-nin İnsan hüquqları üzrə Ali komissarı Navanethem Pilley İsrail və Fələstin arasında atəşin təcili dayandırılmasına və dəhşətli humanitar vəziyyətin yarandığı Qəzza bölgəsinə yardım göndərməyə çağırıb.
“İyul ayının 7-dən – “Sarsılmaz Qaya” əməliyyatı başlayandan Qəzza intensiv şəkildə gündəlik bombardmanlara məruz qalır. Bu, 600 nəfərin, o cümlədən 147 uşağın və 74 qadının həlak olmasına gətirib çıxarıb”, - BMT-nin İnsan hüquqları üzrə Şurasının Qəzza bölgəsində situasiyaya həsr edilmiş 21-ci sessiyasında çıxış edən Ali komissar bəyan edib.
Oxu.Az RİA-Novosti-yə istinadən xəbər verir ki, BMT-nin ilkin məlumatına görə, həlak olanların 74%-i dinc əhalidir. İsrail hücumları həmçinin 140 min fələstinlinin köçməsinə səbəb olub.
Pilleyin sözlərinə görə, BMT-nin “beynəlxalq humanitar qanunlarının pozulması hərbi cinayətlər səviyyəsində” olması barədə çoxsaylı faktlara malikdir. Misal üçün o, İsrail tərəfindən atılan raketlərin uşaq, qadın, ahıl və digər dinc əhali nümayəndələrinin məhvinə gətirib çıxarıb.
“Bu hadisələrin hər biri dəqiq və müstəqil şəkildə araşdırılmalıdır”, - Pilley qeyd edib.
Bununla yanaşı, BMT-nin Ali komissarı münaqişədə iştirak edən hər iki tərəfi atəşi dayandırmağa və beynəlxalq strukturları Qəzza bölgəsinə mümkün qədər tez humanitar yardım çatdırmağa çağırıb.