540-dan çox fələstinli Qəzza bölgəsində İsrail ordusunun hərbi əməliyyatları zamanı həlak olub, 8 iyul hərbi əməliyyatlar başlayandan 3 min 200 nəfər isə yaralanıb.
Oxu.Az Euronews-a istinadən xəbər verir ki, beynəlxalq humanitar agentliklərin məlumatına görə, həlak olanların ən azı üçdən ikisi mülki şəxslərdir.
Bununla yanaşı İsrail hakimiyyətinin bəyanatına görə, raket təhlükəsi azalır. Bundan başqa, HƏMAS yaraqlılarının terror hücumları üçün istifadə etdikləri 13 yeraltı tunel tapılıb və məhv edilib.
İsrail mərmilərindən biri “Əl-Aksa” xəstəxanasına düşüb, əməliyyatxanaların və intensiv terapiya blokunun yerləşdiyi bütün üçüncü mərtəbəni dağıdıb. Dörd nəfər həlak olub, 16 nəfər isə yaralanıb. Digər mərmilər isə “Əl-Aksa” xəstəxanasının yaxınlığında partlayıb. Təl Əviv hələ ki, baş verənlərə münasibət bildirməyib. Amma daha öncə İsrailin hərbi nazirliyi HƏMAS yaraqlılarının xəstəxanaların damından raket ataraq qonşu binalarda gizləndiklərini bəyan edib.