İyunun 30-dan iyulun 1-dək Kiprdə Qəzzaya dair Sülh Şurasının iclası baş tutacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "In-Cyprus" portalı Kipr hökumətinin rəsmi nümayəndəsi Konstantinos Letimpiotisə istinadən məlumat yayıb.
"Sülh Şurası BMT-nin 2803 saylı qətnaməsinə uyğun olaraq Qəzzanın bərpası planını həyata keçirmək məqsədilə yaradılıb. Kipr bu planı ilk anlardan təkcə alqışlamayıb, həm də daim dəstəkləyib", - deyə Kipr rəsmisi bildirib.
Onun sözlərinə görə, forum iştirakçıları arasında Sülh Şurasının, Qəzzanın İdarəedilməsi üzrə Milli Komitənin (NCAG) və Sülh Şurasının ali nümayəndəsi Nikolay Mladenovun ofisinin təmsilçiləri yer alacaqlar.
Bununla yanaşı, məlumatda forumun keçiriləcəyi dəqiq məkan və iştirakçı ölkələrin nümayəndə heyətlərinin hansı səviyyədə təmsil olunacağı qeyd edilmir.
Eyni zamanda, "In-Cyprus" nəşrinin yerli diplomatik dairələrindəki mənbəsi vurğulayıb ki, görüşün Kipr ərazisində keçirilməsinə baxmayaraq, ölkə bu tədbirin nə təşkilatçısı, nə də həmtəşkilatçısı hesab olunmur.