Vaşinqton administrasiyası İsrailin Baş naziri Benyamin Netanyahunun bəyanatlarına baxmayaraq, Qəzza zolağı ilə bağlı tələblərinin yəhudi dövləti tərəfindən yerinə yetiriləcəyini gözləyir.
Oxu.Az xəbər verir ki, bu barədə "Axios" portalının və İsrailin "Channel 12"nin müxbiri Barak Ravid "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.
Amerikalı rəsmilər arasından olan mənbənin sözlərinə görə, Ağ Ev Netanyahunun İsrailin Qəzza zolağı üzrə 15 bəndlik Sülh Şurası planını rədd etməsi və radikal Fələstin hərəkatı HƏMAS tərk-silah edilənə qədər qoşunlarını Fələstin anklavından çıxarmayacağı barədə açıqlamalarından narahatlıq keçirmir. Sözügedən məmur əlavə edib ki, ABŞ-nin fikrincə, Netanyahunun bu ifadələri oktyabrın 27-də İsrail parlamentinə (Knesset) keçiriləcək seçki ilə əlaqədardır.
"Biz Bibinin (Benyamin Netanyahu - red.) siyasi ehtiyaclarını başa düşürük. O, xahiş etdiyimiz işləri davam etdirdiyi, xüsusən də Qəzzada hücumları məhdudlaşdırdığı müddətcə bizim üçün problem yaratmır", - deyə ABŞ rəsmisinin sözləri mesajda qeyd olunub. Mənbənin bildirdiyinə görə, Netanyahu ötən həftə ABŞ Prezidenti Donald Tramp və Amerika liderinin kürəkəni Cared Kuşnerlə telefonla danışıb. İsrailin baş naziri o zaman qeyd olunan plana şans verəcəyinə və demilitarizasiya prosesinin başlaya bilməsi üçün Qəzza zolağına zərbələri məhdudlaşdıracağına söz verib. Nəşrdə vurğulanır ki, ABŞ onun bu vədinə əməl etdiyini düşünür.