Qrenlandiya Avropa Komissiyasının 1.5 milyard Danimarka kronu (təxminən 200 milyon avro - red.) həcmində təklif etdiyi investisiya paketinə baxmayaraq, Avropa İttifaqına üzv olmaq imkanını nəzərdən keçirmir.
Oxu.Az "Ritzau"ya istinadən xəbər verir ki, bunu adanın baş naziri Yens-Frederik Nilsen bildirib.
Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenin Qrenlandiyaya səfəri zamanı Yens-Frederik Nilsen Avropa İqtisadi Birliyindən çıxmaq barədə qəbul edilmiş qərara sadiqliyini təsdiqləyib. Bunun əvəzinə Qrenlandiya, Danimarka və Avropa İttifaqı enerji, infrastruktur və xammal ehtiyatları sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.
Qeyd edək ki, Qrenlandiya 1973-cü ildə Danimarka ilə birlikdə Avropa İqtisadi Birliyinə (Aİ-nin sələfi) daxil olub, lakin 1985-ci ildə rəsmi şəkildə qurumdan çıxıb. Bununla yanaşı, ada sakinləri Aİ vətəndaşlığını qoruyurlar. Qrenlandiyanın əhalisi təxminən 56 min nəfərdir.
Qrenlandiya 300 ildən artıqdır Danimarkanın idarəçiliyi altındadır və hazırda Danimarka Krallığının tərkibində muxtar ərazi statusuna malikdir.