Avqustun 3-ü axşam saatlarında Rusiya ordusu Ukrayna Silahlı Qüvvələri üçün təchizat daşıyan dörd quru yük gəmisini hədəfə alaraq vurub.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.
"Nikolayev limanında hərbi təyinatlı yükləri olan quru yük gəmisi, Yujnı limanında isə hərbi təchizatın boşaldılmasını həyata keçirən eyni tipli dəniz gəmisi vurulub. Odessadan cənubda dənizlə hərəkət edərkən Ukrayna limanlarına silah və hərbi əmlak çatdıran daha iki quru yük gəmisi zərbəyə məruz qalıb", - deyə açıqlamada bildirilir.
Avqustun 4-nə keçən gecə Rusiya silahlı qüvvələri Ukraynanın Sumı şəhərini idarəolunan aviabombalarla hədəfə alıb. Hücum nəticəsində üç nəfər həyatını itirib, yaralananlar var.
Oxu.Az xəbər verir ki, bu barədə Sumı Vilayət Hərbi İdarəsinin rəhbəri Oleq Qriqorov məlumat yayıb.
"Kovpakovski rayonunda üç fərqli əraziyə zərbə endirilib. Özəl sektor və infrastruktur obyektləri zərər görüb. Çox təəssüf ki, hələlik bir nəfərin öldüyü məlumdur. Həmçinin xəsarət alanlar da mövcuddur", - deyə o qeyd edib. Onun sözlərinə görə, hücumun bütün fəsadları barədə məlumatlar hazırda dəqiqləşdirilir.
"Düşmən hücumları təhlükəsi hələ də davam edir. Təhlükəsiz yerlərdə qalmağa çalışın", - Qriqorov əlavə edib.
Daha sonra idarə rəhbəri bildirib ki, Rusiyanın Sumıya gecə zərbələri nəticəsində yaşlı bir qadın və iki uşaq həlak olub.
"5 və 10 yaşlı qızlar. Uşaqların cəsədləri yaşadıqları evin dağıntıları altından çıxarılıb. Bu, sözlə ifadə edilməyəcək bir dərddir. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm", - deyə rəsmi vurğulayıb.
Onun sözlərinə əsasən, daha dörd nəfər tibbi yardım üçün müraciət edib. Onlarda kəskin stres reaksiyası müşahidə olunur.
Rusiya Silahlı Qüvvələrinə məxsus ümumilikdə altı aviabomba şəhərin mülki infrastrukturuna düşüb.
"Hava Hücumundan Müdafiə Qüvvələrinin məlumatına görə, daha iki Rusiya aviabombası yaşayış məntəqələrinə yaxınlaşarkən vurularaq məhv edilib", - deyə o yazıb.
Öz növbəsində, Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin mənafeləri üçün istifadə olunan limanlara zərbələri davam etdirərək, Çernomorsk limanında avtomobil aqreqatları zavodunu və liman terminalını vurub.
"Avqustun 3-ü axşam saatlarında Rusiya Federasiyasının Silahlı Qüvvələri tərəfindən Ukrayna Silahlı Qüvvələrinin maraqlarına xidmət edən Ukrayna limanlarına, dəniz gəmilərinə və liman infrastrukturuna zərbələr endirilməsi davam etdirilib. Yerdəyişməyən yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları ilə həyata keçirilən zərbələr nəticəsində Odessa vilayətində aşağıdakı obyektlər vurulub: Çernomorsk limanında - Ukrayna ordusunun hərbi avtomobil texnikasının təmirini, döyüş sursatlarının və yanacaq-sürtkü materiallarının saxlanmasını həyata keçirdiyi Çernomorsk avtomobil aqreqatları zavodu və liman terminalı", - deyə məlumatda bildirilir.