Rusiya Daxili İşlər Nazirliyi (DİN) ölkənin sabiq rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforovu axtarışa verib.
Oxu.Az xəbər verir ki, bu məlumatı "RIA Novosti" agentliyi nazirliyə istinadən yayıb.
Daha əvvəl verilən xəbərlərdə Nikiforova qarşı cinayət işinin açıldığı bildirilirdi. Keçmiş nazirə qiyabi olaraq cinayətkar qrup yaratmaq və xüsusilə külli miqdarda dələduzluq etmək maddələri ilə ittiham irəli sürülüb. Hazırda Nikiforovun Rusiyadan kənarda olduğu qeyd edilir.
"112" "Telegram" kanalının məlumatına əsasən, Nikiforov məşhur "Finiko" maliyyə piramidasının qurucularından biri hesab olunur. Bu qanunsuz fəaliyyət nəticəsində 7 700 nəfərin zərər çəkdiyi və onların ümumilikdə bir milyard rubldan çox vəsait itirdiyi bildirilir.