Vanuatu sahillərində bərənin batması nəticəsində 30-dan çox insan itkin düşüb.
Oxu.Az bildirir ki, bu barədə "Reuters" agentliyi Sakit okeandakı ada dövlətinin baş naziri Cotam Napatın ofisinə istinadən məlumat verib.
Gəminin göyərtəsində ümumilikdə 40-dan çox sərnişin və heyət üzvü olub. Məlumata görə, bir nəfər həlak olub, daha 15 nəfəri xilas etmək mümkün olub. Digərləri isə itkin düşüblər. Hazırda xilasedicilər axtarış-xilasetmə əməliyyatını davam etdirirlər.
İlkin ehtimala görə, gəmi qəzasına heyət tərəfindən təhlükəsizlik qaydalarının pozulması səbəb ola bilər. Baş nazirin ofisindən qeyd olunub ki, heyət fırtınalı hava haqqında xəbərdarlıqlara məhəl qoymayıb və gəminin həddindən artıq yüklənməsinə şərait yaradıb.
