"İsrail ordusu İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) kəşfiyyatının rəhbəri, briqada generalı Məhəmməd Kazımi və müavini Həsən Mühəqqəqi məhv edib".
Oxu.Az xəbər verir ki, bu barədə "Fox News" telekanalına müsahibəsində İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.
O, həmçinin qeyd edib ki, İsrailin ölkə rəhbərliyinə vurduğu zərbələr nəticəsində İranda rejim dəyişikliyi mümkündür. "Kəşfiyyatımız müəyyən edib ki, İran yaxın aylarda nüvə silahı əldə etmək və onu husilərə ötürmək niyyətindədir. Odur ki, biz İsfahanda reaktoru məhv etdik, onsuz isə nüvə silahı hazırlamaq mümkün deyil", - deyə baş nazir qeyd edib.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bazar günü İsrailin endirdiyi zərbələr nəticəsində daha yeddi yüksəkrütbəli İran hərbçisinin öldürüldüyünü açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə SEPAH bəyanat yayıb.
Bildirilir ki, onlar raket proqramına və pilotsuz uçuş aparatlarının hazırlanmasına rəhbərlik ediblər.
Bununla da İsrailin indiyədək zərbələri nəticəsində öldürülən yüksəkrütbəli hərbçilərin sayı 15-ə çatıb.