Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Soyğunçuluq” və “çılğınlıq”: Fransa etirazları şahidlərin gözü ilə
Fransada etirazlar səngimək bilmir. “Sarı jiletlilərin” etirazı artıq ölkə iqtisadiyyatına ağır zərbə vurub və Fransanı inqilab astanasına çatdırıb. Ölkədə, xüsusilə Parisdə vəziyyət gərginləşərək, daha radikal şəkil alır: həftəsonu polislə etirazçılar arasında baş verən toqquşmalarda 30-dan çox insan yaralanıb, yüzlərlə nümayişçi həbs olunub.
Analitiklər, həmçinin aksiya iştirakçıları özləri baş verən hadisələri 1968-ci ilin etirazları ilə müqayisə edirlər. Sözügedən etiraz dalğası Şarl De Qollun Fransa prezidenti postundan getməsi ilə nəticələnmişdi.
Bu gün bütün günahları Makronun boynuna yıxırlar, onu “ölkədə yaşayan ən zəngin insanların maraqlarını” müdafiə etməsində ittiham edirlər.
Bununla belə, başqa bir rəy də formalaşıb. Fransada müşahidə olunan gərginliyə xarici qüvvələrin təhrikçilik etdiyi iddia olunur. Makron ABŞ-ın Avropada hegemonluğuna qarşı çıxan açıq-aydın mövqe ortaya qoyub, ona görə də tez-tez Atlantik okeanın o biri sahilindən tənqid hədəfinə tuş gəlir.
Vaşinqton Köhnə Dünyanın tam müstəqil olmasında maraqlı deyil, və “naşükür” avropalılara “evdə yiyənin kim” olduğunu xatırlamağa çalışır. Bunun üçün okeanın o biri sahilindən olan “dostlar” Fransa daxilində radikal elementlərdən, xüsusilə qatı solçular və qatı sağçılardan istifadə edir.
Məhz bu siyasi qüvvələr Makron hökumətini güzəştə getməyə və yanacaq vergisinin artırılması ilə bağlı qanunu ləğv etməyə razılaşdığı əsnada, “inqilabın sona qədər davam etdirilməsini” tələb edirdi.
“Parisdə Azərbaycan evi” təşkilatının rəhbəri Mirvari Fətəliyeva bu fikirdədir. Fransa paytaxtında küçə etirazlarının canlı şahidi olmuş Fətəliyeva izdihamda aqressivliyin əhəmiyyətli dərəcədə artdığını müşahidə edib.
“Ultra-solçular və ultra-sağçılar, xalqın narazılığından sui-istifadə edərək, öz siyasi məqsədlərinə, o cümlədən, prezident Makronun istefasına nail olmağa çalışırlar. “Sarı jiletlilər” maskası altında aksiyada müxtəlif yarım-kriminal elementlər də iştirak edir. Onlar talançılıq, soyğunçuluqla məşğul olur, dükanları soyur, avtomobilləri yandırırlar. Bu adi insanların ürəyinə qorxu və təşviş salır”, - deyə Mirvari Fətəliyeva bildirib.
Onun sözlərinə görə, azərbaycanlıların çoxu şəhərin mərkəzinə çıxmaqda çəkinir.
“Azərbaycanın Fransadakı səfirliyi həmvətənləri etiraz aksiyaları zamanı küçələrə çıxmamağa çağırıb. Əksər azərbaycanlılar bu çağırışlara əməl edib. Bizim təşkilat paytaxtın mərkəzində Azərbaycan dili kursları aparır, kurs iştirakçılarının polislə etirazçılar arasında yaşanan qarşıdurmalara düşəcəyindən ehtiyat etdiyimizdən artıq üç həftədir ki, dərsləri təxirə salmağa məcbur olmuşuq”, - deyə azərbaycanlı fəal bildirib.
O da bir çox etirazçıların “Sarı jiletlilərin” hərəkatı ilə Fransanı sosial böhrana qurşatmış, 1968-ci ilin “Qırmızı May” hadisələri arasında paralellər gətirdiyini təsdiq edib.
Fransa xalqının yaddaşına həkk olunan 50 illik hadisələrə Fransanın cənubunda istirahət edən jurnalist Aliyə İsmayılzadə də toxunub. Onun sözlərinə görə, fransızların çoxu etiraz aksiyalarına bir əyləncə kimi baxır.
“Onlar 1968-ci il hadisələrinin yubileyini elə şən şəkildə keçirir ki... Çox sayda insan etirazları formal olaraq, sadəcə, sözdə dəstəkləyir. Daha fəal olanları pullu yolların nəzarət-buraxılış məntəqələrini zəbt edir və maşınları pulsuz buraxır. Ümumi götürdükdə Fransanın cənubunda artıq hər şey sakitdir”, - deyə jurnalist bildirib.
Onun sözlərinə görə, etiraz dalğasını ilk olaraq başladanlar – yəni sürücülərin əksəriyyəti, sadəcə, avtomobillərinin şüşələrinə sarı jiletlər yapışdırmaqla kifayətlənir. İndi sarı jilet Fransada hər bir avtomobildə dərman qutusu və yanğınsöndürən qədər vacibdir.
N.Q.
www.oxu.az
Oxu.Az yeniləndi!
Rəylər