Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Suriyada nələr baş verir?
Qan Turalı yazır...
Suriyada baş verən hadisələr kamalın hələ də cahanda qalib olmadığını göstərir. Böyük Britaniyada yerləşən Suriya İnsan Hüquqları Monitorinq Mərkəzinin keçən həftənin cümə və şənbə günlərində 30-dan artıq basqında 745 mülki şəxsin öldürüldüyü barədə məlumat yayıb.
Qərb mediası hadisələri öz bildiyi kimi təfsir etməyə başlayır. Çünki onlar Suriyanın keçid hökuməti başçısına inanırlar. İnanırlar ki, yeni prezident Suriyada sabitliyi bərqərar edəcək və Avropada məskunlaşan suriyalı miqrantlar Vətənə qayıdacaqlar.
Buna görə də onlar bu qarşıdurmaları Əsəd tərəfdarları ilə hakim rejimin təhlükəsizlik qüvvələri arasında münaqişə kimi təqdim edirlər. Halbuki, bu, heç də belə deyil.
Hər şeydən qabaq dünya tarixində elə bir nümunə yoxdur ki, rəhbəri rüsvayçı şəkildə ölkəni tərk etsin, ancaq ordusu qalıb mübarizə aparsın. Doğrudur, öldürülənlər arasında silahlılar da var. Elə Suriya İnsan Hüquqlarının Monitorinq Mərkəzinin verdiyi məlumatda Əsədin 148 tərəfdarının öldürüldüyü bildirilir. Hökumət qüvvələrindən isə 125 nəfər həlak olub. Ancaq mübarizəni Əsəd tərəfdarlarının üsyanı kimi qələmə vermək ədalətsizlikdir.
Burada iki məqamı xüsusi olaraq diqqətə yetirmək lazımdır. Suriyanın Lazkiye və Tartus bölgəsində çoxlu şiə yaşayır. HTŞ Suriyanı ələ keçirtdikdən sonra şiələrə qarşı xüsusilə amansız quldurluq, qətl, soyğunçuluq siyasəti işə salındı. Bu şəxslərin aralarında olan keçmiş ordu mənsubları da müqavimət göstərməyə başladılar.
Bu bölgədə bir bələdiyyə sədrinin tələbə oğlunu həbs etmək istəyən HTŞ üzvlərinə yerli xalq müqavimət göstərdi. Ora köməyə gələn HTŞ-lilər isə pusquya salındılar və 14 nəfəri öldürüldü. Hadisələrin fitilinin bu hadisənin alışdırdığı bildirilir. Bu pusqudan qəzəblənən yeni rejimin qüvvələri amansız terror aktlarının icrasına başladılar.
Yerli jurnalistlər yeni prezidentin təhlükəsizlik qüvvələri üzərində tam nəzarət edə bilmədiyini göstərir. HTŞ müxtəlif təşkilatların ittifaqı nəticəsində yaranıb. Bundan əlavə Suriyada 300-dən artıq radikal təşkilat mövcuddur. Ölkədə sözün həqiqi mənasında xaos hökm sürür. Yeni rejim hər nə qədər ədalətli və demokratik olmağa söz versə də, onun nəzarət edə bilmədiyi hadisələr kifayət qədərdir.
Məsələnin digər tərəfi isə Suriyada radikal sünnilər və şiələr arasında daim mövcud olan nifaq, fitnə və ayrıseçkilik siyasətidir. Radikal dini qruplar şiələri "mürtəd" hesab edirlər. Onların nəzərincə şiələrin yaşamaq haqqı yoxdur. Bu adamların bir hissəsi Suriyanın yeni təhlükəsizlik qüvvələrində fəaliyyət göstərir. Digərləri isə başıpozuq ünsürlər kimi əllərində silah gəzirlər.
Halbuki, bu bölgədə yaşayan sünnilər şiələrə sığınacaq verir, onları hücum və qarətlərdən qorumağa çalışırlar. Bu barədə kifayət qədər faktlar da var.
Suriyada qanlı cinayəti törədənlərin böyük əksəriyyətinin xarici döyüşçülər olduğu bildirilir. Onlar əsasən Dağıstan və Orta Asiyadan olan sələfi mücahidlərdir. Bu insanların şiələrə qarşı xüsusi amansızlıq göstərdiyi, onlara dərin nifrət bəslədiyi də bu günün məsələsi deyil. Suriyada on ildən artıq davam edən vətəndaş müharibəsi zamanı mücahidlər şiələrə xüsusi amansızlıq nümayiş etdiriblər.
Yeni rejim əcnəbi mücahidlərin ölkədən çıxarılması istiqamətində işlər aparacağına da söz vermişdi. Ancaq bu elə də asan deyil. Çünki əcnəbi mücahidlərin getməyə yerləri yoxdur. Öz vətənlərində onları ən yaxşı halda həbs gözləyir. Suriyalı olmayan kürd yaraqlılar İraqa, PKK düşərgələrinə qayıda bilərlər. Ancaq islamçı mücahidlərin belə bir şansı yoxdur. Qayıtmağa yeri olmayan silahlı mücahidlərlə mübarizə isə heç də asan deyil.
Yeni hökumət müstəqil şəxslərdən ibarət komitə yaratmağı və otuz gün ərzində günahkarların tapılaraq məhkəmə qarşısına çıxarılacağını vəd edib. Göründüyü kimi yeni hökumətin işi müşküllərdən ibarətdir.