Tailandın sahilyanı kurort bölgələrinə daxil olan Pabuk qasırğası özü ilə leysan yağış və şiddətli külək gətirib. Sahilyanı rayonlarda artıq daşqınlar müşahidə olunur.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, qasırğanın ölkədə böyük dağıntılara səbəb olacağı gözlənilir.
Yaranmış vəziyyətlə əlaqədar risk zonasında olan Ko Samui, Ko Tao və Ko Fanqan adalarından minlərlə sakin və turist təxliyyə edilib. Bir çox rayonlarda elektrik təchizatı kəsilib. Yerli hökumət şənbə gününə kimi bölgə sakinlərini çölə çıxmamağa çağırıb.
Hələlik tropik fırtına kateqoriyasında olan Pabukun son 30 ilin ən dağıdıcı qasırğası olacağı proqnozlaşdırılır.