"Raqasa" supertayfunu Çinin Quandun əyalətinin Haylin adasını vurub.
Oxu.Az bu barədə "Pengpai" nəşrinə istinadən xəbər verir.
Bildirilir ki, tayfunun episentrində küləyin maksimum sürəti saniyədə 40 metrə çatıb, minimum təzyiq isə 955 hPa (716.25 mm c.s.) təşkil edib.
Tayfunun yaxınlaşması ilə əlaqədar Quandun hökuməti ən yüksək - I səviyyəli fövqəladə vəziyyət elan edib.
Regionun Quançjou, Şençjen, Foşan, Çjuhay və digər ondan çox iri şəhərində ictimai nəqliyyatın, sənaye müəssisələrinin fəaliyyəti dayandırılıb. Eyni zamanda, təhsil müəssisələrində dərslər və işgüzar fəaliyyət müvəqqəti olaraq təxirə salınıb.
Təbii fəlakət Honkonqda 60-dan çox insanın xəsarət alması ilə nəticələnib. Qasırğa həmçinin infrastrukturun dağıntıya məruz qalmasına, eləcə də ağacların kökündən çıxmasına səbəb olub.
Tayvanın Hualyan bölgəsində səddin dağılması nəticəsində azı 14 nəfər həyatını itirib, onlarla insan isə itkin düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Focus Taiwan" məlumat yayıb.
Bildirilib ki, vaxtilə torpaq sürüşmələri nəticəsində yaranan göl "Raqasa" supertayfununun gətirdiyi güclü yağışlar səbəbindən yaranan daşqınlar fəlakətə yol açıb.
Suyun axını Quanfu qəsəbəsini tamamilə viran qoyub. Hazırda su çəkilsə də, küçələr qalın palçıq və tullantı təbəqəsi ilə örtülüb. Xilasetmə qrupları evləri bir-bir gəzərək axtarış aparırlar. İtkin düşənlərin dəqiq sayı məlum olmasa da, hakimiyyət orqanları təhlükəsizlik məqsədilə üç mindən çox insanı təxliyə edib.
Hualyan şəhərindən təxminən 40 km cənubda yerləşən Quanfuda daşqın suları həm də dəmiryol stansiyasını su altında qoyub, bir körpünü dağıdıb.
Qeyd edək ki, sürəti saniyədə 50 metrə çatan "Raqasa" supertayfunu sentyabrın 24-də Çinin Honq-Konq və Makao xüsusi inzibati rayonlarına zərbə endirib. Hazırda tayfun Quandun və Haynan əyalətlərinə, həmçinin Quansi-Çjuan muxtar rayonuna doğru irəliləyir. Sentyabrın 26-da onun Vyetnam və Kambocanın şimal bölgələrinə çatacağı, həmçinin Çinin Yunnan əyalətində də təsirinin hiss ediləcəyi gözlənilir.