Yaponiyanı güclü "Dutszyuan" tayfunu bürüyüb.
Bu barədə Oxu.Az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, 25 nömrəli tayfunla əlaqəli güclü yağışlar səbəbindən Tokioya bitişik Kanaqava və Tiba prefekturalarında torpaq sürüşmələri baş verib.
Təbii fəlakət nəticəsində dörd nəfər ölüb, altı nəfər itkin düşmüş hesab edilir. Polis və yanğınsöndürənlər axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.
Kanaqava prefekturasında əsasən Miura yarımadasında torpaq sürüşmələri olub. Yokosuka şəhərində palçıq və dağıntılar ikimərtəbəli evin birinci mərtəbəsini basıb, nəticədə 60 yaşlarında qadın ölüb. Daha iki nəfər itkin düşüb. Miura şəhərində iki yerli sakinlə əlaqə kəsilib.
Tiba prefekturasında üç nəfər torpaq sürüşmələrinin qurbanı olub, daha iki kişidən xəbər yoxdur. Tesi şəhərində yol boyunca yamac çöküb və zavod anbarı, park edilmiş üç avtomobil torpaq altında qalıb.
Tayfun həmçinin İdzu arxipelaqında Xatidzedzima adasına da ziyan vurub. Orada küləyin maksimal anlıq sürəti saniyədə 35.2 metr olaraq qeydə alınıb, evlərin dam örtükləri zərər görüb.