ABŞ-nin Kaliforniya ştatının qubernatoru Qevin Nyusom bölgədə fövqəladə vəziyyət rejiminin tətbiq edildiyini elan edib. Buna səbəb "El-Ninyo" iqlim fenomeninin yaratdığı rekord gücdə fırtınaların baş vermə təhlükəsidir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə qubernatorun saytında dərc olunmuş məlumatda bildirilib.
"Proqnozlaşdırılan rekord gücdə "El-Ninyo" fırtınaları mövsümü ilə əlaqədar olaraq qubernator Nyusom bu gün (yerli vaxtla 21 sentyabr - red.) fövqəladə vəziyyət elan edib. Bu tədbir ştatın resurslarını mümkün qış fırtınalarından və digər nəticələrdən əvvəl səfərbər etməyə imkan verir", - məlumatda qeyd edilib.
Nyusomun ofisi ABŞ sinoptiklərinin proqnozlarına istinad edib ki, buna əsasən, güclü "El-Ninyo" fenomeni ehtimalı 90%-i keçir, bu halın tarixi miqyaslara çatma ehtimalı isə 75% təşkil edir. Əlverişsiz hava şəraiti ilə bağlı olaraq hakimiyyət orqanları daşqınlarla mübarizə üçün ehtiyatlar formalaşdıracaq, yolları və infrastrukturu hazır edəcək, Milli Qvardiya isə xilasetmə əməliyyatları üçün hazırlıq vəziyyətinə gətiriləcək.