"Saudel" tayfunu Çinin şərq sahillərinə yaxınlaşıb. Təbii fəlakətin quru əraziyə daxil olduğu vaxt küləyin maksimal sürəti saniyədə 35 metr olaraq qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Çin Mərkəzi Televiziyası yayımlayıb.
Təbiət hadisəsinin əsas zərbəsi Çjetszyan əyalətində yerləşən Taycou şəhər dairəsinə dəyib. Hazırda tayfun gücünü tədricən itirərək qərb istiqamətində, materikin dərinliklərinə doğru hərəkətini davam etdirir.
Ölkənin şərq hissəsində, o cümlədən Şanxayda intensiv yağışların yağması gözlənilir.
Yay mövsümündə Çinin müxtəlif bölgələrində tez-tez bol yağıntılar müşahidə olunur. Ölkədə baş verən tayfunlar, sel, daşqınlar və torpaq sürüşmələri dövlətə böyük həcmdə maddi zərər yetirməklə yanaşı, xeyli sayda insan itkisinə də gətirib çıxarır.