"Minalı ərazilərin xəritələrinin təqdim olunmamasını Ermənistanın Azərbaycana qarşı olan düşmənlik mövqeyinin davamı kimi qiymətləndirmək olar".
Bu sözləri Oxu.Az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
O bildirib ki, mina xəritələrinin verilməməsi çox vacib bir mövzudur:
"Artıq Vətən Müharibəsindən 6 il keçməsinə baxmayaraq hələ də vətəndaşların bir qismi minadan zərər görür. Bu müddətdə 100 nəfərdən çox insan minaların qurbanı olub. Mina təmizlənməsi prosesində Azərbaycana lazımi kömək göstərilmir.
Ermənistanın bu davranışını Azərbaycana münasibətdə düşmən siyasətinin dayanmaması kimi qəbul etməliyik".
T.Zülfüqarov əlavə edib ki, beynəlxalq qurumlar, ictimaiyyət bu məsələyə lazımi qiymət vermir:
"Onlar Ermənistana gərəkən siyasi təzyiqi göstərmirlər".
Onun sözlərinə görə, itkin düşən şəxslərin taleyi barədə məlumatların əldə edilə bilməməsi də ciddi məsələdir:
"Azərbaycan işğaldan azad olunmuş ərazilərdə müxtəlif yerlərdə öldürülmüş insanların qalıqlarını tapmaqdadır. DNK analizləri nəticəsində onların kimlikləri müəyyən edilir.
Biz burada görürük ki, Ermənistan beynəlxalq hüququn normalarını ciddi şəkildə pozaraq bu cür addımları və siyasəti həyata keçirir. Bu, humanitar problem, insanlığa qarşı törədilən cinayət işi, hərbi cinayət kimi qiymətləndirilə bilər. Amansız və insanlığa zidd əməlləri törədənlərin cinayət məsuliyyətinə cəlb olunması prosesində İrəvan lazımi addımları atmır. Ermənistanın bəzən öz bəyanatlarını eşidəndə yaxşı anlamalıyıq ki, onlar münaqişəni vaxtilə gündəmə gətirən tərəf idi. Bunun nəticəsində həm Azərbaycana böyük ziyan dəyib, həm də öz əhalisinə.
Münaqişəni yaradan siyasətçilərin bir qismi hələ də sağdır, onların cinayət məsuliyyətinə cəlb olunması, məhkəmədə cinayətlərinin ifşa olunması prosesi sülhün bərqərar olma şərtlərindən biridir".