ABŞ rəhbərliyi Fransada baş verən hadisələrin ölkə daxilində təkrarlanmasının qarşısını almaq məqsədilə nümayişçilərə qarşı olduqca sərt tədbirlər görəcək.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.
"Bilirsiniz, bu insanlar dəlidir. Son 3-4 gün ərzində Fransada belə psixlərin öz ölkələrini necə məhv etdiyinin şahidi olduq. Yeri gəlmişkən, biz bununla barışmaq niyyətində deyilik. Əgər potensial təhlükə yaranarsa, ümid edirəm ki, onlarla çox, lap çox sərt davransam, mənə qəzəblənməyəcəksiniz, çünki məhz belə də olacaq. Yalnız bu halda onlar ölkəmizi dağıda bilməyəcəklər", - deyə Şimali Karolina ştatında öz tərəfdarları qarşısında çıxış edən ABŞ lideri bildirib.
Qeyd edək ki, ötən həftəsonu Parisdə və Fransanın müxtəlif bölgələrində yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinə etiraz olaraq kütləvi aksiyalar keçirilib. Təşkilatçıların məlumatına görə, nümayişlərdə 800 min nəfər iştirak edib, lakin Daxili İşlər Nazirliyi bu rəqəmin 550 min olduğunu açıqlayıb. Bir neçə şəhərdə etirazlar iğtişaşlara və polislə toqquşmalara çevrilib.