Türkiyədə hər il qeyd olunan Atatürkü Anma və Spor bayramı Soma faciəsi ilə bağlı təxirə salınıb.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, nə prezident Abdullah Gül, nə də baş nazir Rəcəb Tayyib Ərdoğan Anıt Qəbirə gedib.
Soma faciəsi ilə bağlı etirazlar isə səngimir. İstanbulda yüzlərlə insan küçələrə toplaşaraq, fəlakətdə həlak olan qurbanlar üçün ədalətin bərqərar edilməsini tələb edib.
Müxalifət düşərgəsinin məsuliyyətsizliyinə görə hədəf aldığı AKP iqtidarının rəhbəri Rəcəb Tayyib Ərdoğan isə bu gün Türkiyə iş adamları ilə görüşüb. Baş nazir Soma faciəsi günlərində Somaliyə göstərdiyi diqqətin müzakirəyə çıxarılmasına münasibətini belə açıqlayıb:
““Somalini burax, Somaya bax” kimi insanlıqdan və vicdandan kənar ifadələrə yer verilir. Kədərimiz hələ çox təzə ikən, yaralarımız təzə ikən, ürəklərimizdən qan axarkən bu cür tənqidlərin üzərində dayanmayacağıq”.
Qeyd edək ki, Türkiyənin Soma mədənində baş verən faciəyə görə saxlanılan 25 nəfərdən 5-i haqqında məhkəmə həbs qərarı seçib. Bu şəxslər sırasında Soma Holdinqin sahibi Alp Gürkanın oğlu Can Gürkan da var. Digər 3 nəfər isə Somanın işlər müdiri və iki mühəndisidir.
Şirkət kompüterlərinin ilkin yoxlaması zaman qəza günü mədəndə istiliyin yüksəlməsi ilə bağlı 2 dəfə texniki xəbərdarlıq edildiyi ortaya çıxıb. Ancaq məsul şəxslər xəbərdarlığa məhəl qoymayaraq mədəndə işi dayandırmayıblar. Onlara qarşı kütləvi ölümlə nəticələnən səhlənkarlığa yol vermə maddəsi ilə cinayət işi açılıb.