"Yeni Nazirlər Kabinetinin başlıca hədəfi Ukrayna Silahlı Qüvvələrinin tam təmin edilməsi və Ukrayna müdafiə-sənaye kompleksinin miqyasının genişləndirilməsidir".
Oxu.Az-ın xəbərinə görə, bu sözləri Ukraynanın yeni təyin olunmuş baş naziri Sergey Koretski öz açıqlamasında ifadə edib.
Hökumət başçısının sözlərinə görə, o, öz vəzifələrinin icrasına dəqiq müəyyən edilmiş prioritetlərlə başlayır:
"Bizim əsas vəzifəmiz Ukrayna Müdafiə Qüvvələrinin tam təmin edilməsi və Ukrayna müdafiə-sənaye kompleksinin miqyasının genişləndirilməsidir.
Cəbhə xəttində mövqelərin qorunması, dəqiq zərbələrin endirilməsi və uzaqmənzilli əməliyyatların həyata keçirilməsi üçün hərbçilərimizin lazımi vasitələrlə təmin olunması istiqamətində bütün addımları atacağıq. Bura müxtəlif növ pilotsuz uçuş aparatları, yerüstü robotlaşdırılmış komplekslər, ən yeni silah və avadanlıqlar daxildir".
"Bizim borcumuz dövlətin bütün sosial öhdəliklərini yerinə yetirmək, pensiyaların, sosial yardımların vaxtında ödənilməsini və əsas dövlət xidmətlərinin maliyyələşdirilməsini təmin etməkdir", - deyə Koretski əlavə edib.
Bunlarla yanaşı, xarici müttəfiqlərlə əməkdaşlığın dərinləşdirilməsi, yeni maliyyə mənbələrinin tapılması və ayrılan beynəlxalq dəstəyin ən səmərəli şəkildə yönləndirilməsi də hökumətin prioritetləri sırasındadır.
"Dövlətimizin strateji hədəfi sabitdir - bu, Ukraynanın Avropa İttifaqına tam hüquqlu üzv qəbul edilməsidir. Fəaliyyətə başlayırıq", - deyə Koretski fikrini tamamlayıb.
Sergey Koretski Ukraynanın yeni baş naziri təyin edilib.
Oxu.Az xəbər verir ki, bu məlumatı parlamentin canlı yayımına əsaslanaraq "RBK-Ukrayna" nəşri yayıb.
Hökumət başçısı postuna Koretskinin gətirilməsinin lehinə 289 millət vəkili səs verib.
Qeyd edək ki, parlament bu həftədən etibarən Nazirlər Kabinetində dəyişikliklərə start verib. İyulun 14-ü çərşənbə axşamı sabiq baş nazir Yuliya Sviridenko istefaya göndərilib və nəticədə bütün hökumət heyəti buraxılıb.
Ölkə başçısı Vladimir Zelenskinin hökuməti yeniləmək niyyəti barədə xəbərlər yayıldıqdan sonra, ötən bazar günündən kadr dəyişiklikləri əsas müzakirə mövzusuna çevrilib. Sviridenko hökumətindəki nazirlərin böyük qisminin öz postunu qoruyacağı gözlənilsə də, bəziləri vəzifə ilə vidalaşmalı olacaqlar.
Məlumat üçün bildirək ki, Sergey Koretski 2025-ci ildən etibarən "Naftogaz Ukrayna" şirkətinə rəhbərlik edir. Daha öncə isə o, istər özəl sektorda, istərsə də dövlət enerji müəssisələrinin idarə olunmasında böyük təcrübə qazanıb.