Bakı Slavyan Universitetində ikinci cəhd imtahanlarında iştirak edən bir qrup tələbənin narazılığı ilə bağlı açıqlama verilib.
Bakı Slavyan Universitetinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, müraciətdə qeyd olunan auditoriyalar bütün imtahan sessiyası ərzində istifadə edilib.
Açıqlamada qeyd olunub ki, həmin müddət ərzində auditoriyaların infrastruktur vəziyyəti, o cümlədən havalandırma və ümumi şəraitlə bağlı universitetə hər hansı şikayət və ya müraciət daxil olmayıb:
"Əlavə olaraq bildirək ki, imtahanların keçirildiyi zallarda havalandırma və kondisioner sistemi işlək vəziyyətdədir. İmtahan cədvəli ilə bağlı qeyd edilən məsələyə gəldikdə isə bildiririk ki, imtahan tarixində edilən birgünlük dəyişiklik tələbələrə əvvəlcədən elan olunub və bu barədə onlar məlumatlandırılıblar. Dəyişiklik tələbələrin məlumatı və razılığı əsasında həyata keçirilib.
Eyni zamanda, nəzərə almaq lazımdır ki, sözügedən dəyişiklik imtahan tarixinin əvvəlki tarixə deyil, yalnız növbəti günə keçirilməsini nəzərdə tutub. Belə bir dəyişiklik tələbələrin hazırlıq müddətini azaltmayıb, əksinə, əlavə vaxt yaradıb. Bu səbəbdən həmin dəyişikliyin tələbələrin hazırlıq imkanlarını məhdudlaşdırdığı barədə iddialar obyektiv vəziyyəti əks etdirmir".
Xatırladaq ki, Oxu.Az-ın qaynar xəttinə müraciət edən tələbələrin sözlərinə görə, imtahan keçirilən otaqlarda kondisioner və ya effektiv havalandırma sistemi olmadığı üçün onlar yüksək temperatur şəraitində imtahan verməli olublar, bu isə imtahan nəticələrinə mənfi təsir göstərib.
Həmçinin tələbələr imtahan vaxtının dəyişdirilməsindən də narazılıq ediblər.