ABŞ Ədliyyə Nazirliyi Vaşinqtonun meri Myuriel Bouzerin xarici səfəri ilə əlaqədar onun barəsində antikorrupsiya araşdırmasına başlayıb. Nazirliyin fikrincə, merin səfəri Qətər tərəfindən maliyyələşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti yazıb.
Nəşrin məlumatına görə, araşdırma artıq bir neçə aydır davam edir və seçki kampaniyalarının maliyyələşdirilməsi və antikorrupsiya qanunvericiliyi haqqında qanunların mümkün pozulması halları ilə bağlıdır. Merə qarşı rüşvətxorluq ittihamının irəli sürülməsi üçün onun nə vaxtsa Qətərin maraqları naminə hərəkət edib-etmədiyini müəyyənləşdirmək lazımdır. Lakin bunu sübut edən faktlar hələlik yoxdur.
Vaşinqton merinin aparatı NYT-yə bildirib ki, araşdırma barədə məlumatlı deyil. "Bu işgüzar səfər idi. Vaşinqton nümayəndələri paytaxtı investisiya və inkişaf istiqaməti kimi təqdim etmək üçün müntəzəm olaraq belə səfərləri həyata keçirirlər", - deyə meriyadan bildiriblər.
Myuriel Bouzer Demokratlar Partiyasının üzvüdür, 2015-ci ildən Vaşinqtonun meridir. 2023-cü ildə o və dörd əməkdaşı BMT-nin iqlim konfransında iştirak etmək üçün Dubaya səfər ediblər və bildiriblər ki, bu səfəri ABŞ Merlər Konfransı maliyyələşdirib. Daha sonra məlum olub ki, təşkilat BƏƏ-yə səfəri yalnız qismən maliyyələşdirib və mer Dubaya Dohadan gedib.
"The New York Times" yazır ki, Bouzerin Dohaya səfəri üçün 61 min dollardan çox vəsaiti Qətər ayırıb.
Qəzet xatırladır ki, bu yay Bouzerlə Prezident Donald Tramp arasında münasibətlər ABŞ liderinin cinayətkarlığa qarşı mübarizə məqsədilə Milli Qvardiya döyüşçülərini paytaxtda göndərmək qərarı ilə əlaqədar gərginləşib. Bununla belə, antikorrupsiya araşdırması bu münaqişədən əvvəl başlayıb.