Venesuelada baş vermiş dağıdıcı zəlzələ nəticəsində həyatını itirənlərin sayı 4 118 nəfərə yüksəlib.
Oxu.Az xəbər verir ki, bu barədə Bolivar Respublikası Milli Assambleyasının (parlamentinin) sədri Xorxe Rodriges məlumat yayıb.
X.Rodrigesin "Telegram" hesabında dərc etdiyi gündəlik hökumət hesabatına əsasən, 16 740 nəfər xəsarət alıb, 17 907 nəfər isə evsiz qalıb. 190 bina tamamilə dağılıb, 856 tikiliyə ciddi ziyan dəyib. Həyata keçirilən axtarış-xilasetmə tədbirləri zamanı 6 462 insan xilas edilib, 29 966 nəfər isə xəstəxana və tibb müəssisələrində müalicə alıb. Ümumilikdə 86 794 ailəyə yardım göstərilib, fəlakətdən əziyyət çəkənlərə 9 766 ton ərzaq məhsulu çatdırılıb.
Xatırladaq ki, Venesuelada zəlzələ iyunun 24-ü axşam saatlarında qeydə alınıb. Təqribən 40 saniyə fərqlə 7.2 və 7.5 maqnitudalı iki yeraltı təkan baş verib. Zəlzələnin episentrləri Yarakuy ştatında, bir-birindən 10 km aralıda yerləşib. Əsas təkanlardan sonra 1 171 afterşok qeydə alınıb.