Xəzərin və Qara dənizin çimərliklərində ilanlar daha tez-tez görünməyə başlayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Baza" "Telegram" kanalı yazıb.
Məlumata görə, Soçi, Sevastopol, Dərbənd və Mahaçqalada istirahət edənlərin artıq sürünənlərlə qarşılaşdığı hallar qeydə alınıb. Bildirildiyinə görə, su ilanlarının miqrasiyasının səbəblərindən biri Azov və Qara dənizlərin duzluluğunun artmasıdır ki, bu da balıqların və qida bazasının paylanmasına təsir göstərir.
Qeyd olunur ki, su ilanları sahil boyunca və Kerç boğazından daha aktiv şəkildə miqrasiya edə bilərlər. Nəticədə, sürünənlər daha çox Qara dəniz akvatoriyasında görünməyə başlayırlar.
Daha bir amil isə Krasnodar diyarında baş verən güclü yağışlar və daşqınlar olub. Daşqınlardan sonra ilanlar Kuban deltasından və kiçik çay mənsəblərindən çıxmalı olublar. Bioloq Viktoriya Liçaqina izah edib ki, istiləşmə də sürünənlərin sayına təsir göstərib. Onun sözlərinə görə, soyuqqanlı heyvanlar ətraf mühitin temperaturundan birbaşa asılıdır.
Xəzər dənizi bölgəsində ilanların sayının artmasına, qeyd edildiyi kimi, Dağıstanda baş verən böyük yaz daşqınları da təsir göstərib. Bundan əlavə, xüsusilə Volqa deltasında bataqlıq ərazilərin azalması da rol oynayıb.
Liçaqinanın sözlərinə görə, hidroloji rejimin dəyişməsi və bataqlıq ərazilərin quruması ilanları miqrasiyaya məcbur edir. Turistlər artıq Xəzər dənizi sahillərində gürzə ailəsinə aid olan su ilanları və gürzələrlə qarşılaşırlar.