"Dakar" rallisinin 2027-ci il yanvarın 1-dən 15-dək Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılsa da, Yaxın Şərqdəki vəziyyətlə əlaqədar yarışın başqa məkana köçürülməsinə qərar verilib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, yarışın təşkilatçıları 2027-ci ildə turnirin Səudiyyə Ərəbistanında keçirilməyəcəyini açıqlayıblar.
Yarışın yeni keçiriləcəyi məkan barədə daha sonra məlumat veriləcək. Rallinin 2028-ci ildə Səudiyyə Ərəbistanına qayıtması planlaşdırılır.
Təşkilatçıların bəyanatında bildirilib ki, Səudiyyə Ərəbistanı 2020-ci ildən başlayaraq yeddi il ardıcıl "Dakar" rallisinə ev sahibliyi edib. Yarışların marşrutları ölkənin müxtəlif coğrafi xüsusiyyətlərini nümayiş etdirib və dünyanın hər yerindən iştirakçıları cəlb edib.
Qeyd edək ki, Yəməndə 2014-cü ilin avqustundan etibarən husilərlə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri arasında silahlı qarşıdurma davam edir. TASS-ın məlumatına görə, oktyabrın əvvəlində Yəmən hökumət qüvvələri üsyançıların nəzarətində olan əraziləri geri qaytarmaq məqsədilə genişmiqyaslı hərbi əməliyyata başladıqlarını elan ediblər.