Yəmən hökumətini dəstəkləyən silahlı qruplaşmalar ölkənin cənub-qərbində yerləşən Mərib vilayətində hücuma keçməyə cəhd edən husilərin irəliləyişini dayandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Bildirilib ki, hökumət qüvvələri "Ənsar Allah" tərəfindən vilayətin inzibati mərkəzi olan Mərib şəhərindən cənub və qərbə doğru üç istiqamətdə həyata keçirilən kütləvi hücumu geri oturdub. Eyni zamanda, Bab-əl-Məndəb boğazının yaxınlığındakı strateji əhəmiyyətli Qahbub silsiləsi ərazisində, Ləhc və Taiz vilayətlərinin sərhədində rəqib tərəflər arasında gedən döyüşlər barədə də məlumatlar daxil olur. Telekanalın bildirdiyinə görə, baş verən toqquşmalar zamanı husilər ciddi itkilərə məruz qalıblar.
Qeyd edək ki, Yəməndəki vəziyyət sentyabrın əvvəlində, "Ənsar Allah" hərəkatının ölkənin cənub-qərbində hücuma keçməsindən sonra kəskin şəkildə pisləşib.