Yeni doğulan körpələr üçün ən əlverişli ölkə Yaponiyadır. Orada hər yeni doğulan 1111 körpədən yalnız biri ölür. Ən əlverişsiz ölkə isə Pakistandır.
Oxu.Az xəbər verir ki, bu barədə BMT-nin Uşaq fondu (UNİCEF) bəyanat yayıb.
Adıçəkilən ölkədə yenidoğulan hər 22 uşaqdan biri vəfat edir. Uşaq ölüm hallarına qarşı uğurlu şəkildə mübarizə aparan ölkələrin ilk onluğuna Estoniya və Belarus kimi ölkələr də düşüb.
Araşdırma müəlliflərinin dediyinə görə, əlverişli həyat şəraiti olan ölkələrdə yeni doğulan körpələrin ilk ayda sağ qalma şansı yüksək uşaq ölüm hallarının qeydə alındığı ölkələrlə müqayisədə 50 dəfə çoxdur.
Ölüm hallarının yüksək olduğu ölkələrin əksəriyyəti Afrikada, Cənubi Sahara bölgəsindədir. Həmin dövlətlərdə yoxsulluq, münaqişələr və dövlət qurumlarının lazımi səviyyədə fəaliyyət göstərməməsi səbəbindən hamilə qadınlar tələb olunan qayğı və yardımı görə bilmir.
“25 il ərzində biz beş yaşa qədər uşaqlar arasında ölüm hallarının iki dəfə azalmasına nail olsaq da, həyatının birinci ayında olan uşaqların sağ qalması istiqamətində həmin uğurlara nail ola bilməmişik”, - deyə UNİCEF-in icraçı direktoru Henrietta Fore bildirib.
“Həmin uşaqların sağ qalmasının mümkünsüz olmadığını nəzərə alsaq, aydın olur ki, biz faktiki olaraq ən yoxsul uşaqları ölümə məhkum edirik”.
UNİCEF-in hesabatında yüksək gəlir səviyyəsi olan ölkələr və yoxsul ölkələrdə körpə uşaq ölümü halları ilə bağlı orta göstəricilər müqayisə olunub. Orta hesabla hər il yüksək gəlirli ölkələrdə hər min körpədən üçü, yoxsul ölkələrdə isə hər min körpədən 27-si dünyasını dəyişir.
Araşdırmanın müəllifləri qeyd edirlər ki, yoxsul ölkələrdə 2030-cu ilə kimi zəngin ölkələrdə olan şərait təşəkkül tapsa, dünyada 16 milyon körpənin həyatını xilas etmək mümkün olar.
Uşaq ölümünün əsas səbəbləri: vaxtından əvvəl doğuş, doğuş zamanı fəsadlar, pnevmaniya və ya sepsis kimi infeksiyalardır. Bu səbəblərin çoxunu aradan qaldırmaq mümkündür, bunun üçün, sadəcə, təcrübəli mamaça və əlverişli şəraitin, o cümlədən təmiz su və dezinfeksiya vasitələrinin olması tələb olunur.
Yeni doğulmuş körpələrin sağ qalması üçün vacib faktor həyatın ilk saatlarında ana südü ilə qidalanması, ana ilə təmas və sonrakı qidalanmadır.
Norveçdə hər 10 min sakinə 218 həkim, tibb bacısı və mamaça düşdüyü halda, Somalidə bu nisbət 10 min nəfərə bir həkim təşkil edir.
“Hər il dünyada 2.6 milyona yaxın yeni doğulmuş körpə bir aylığında dünyasını dəyişir. Onların bir milyona yaxını həyatlarının elə ilk günündə ölür. Biz bilirik ki, onların böyük əksəriyyətini xilas etmək mümkündür.
Bunun ucuz başa gələn, keyfiyyətli yolları var. Bu körpələrin ayaq açıb, ilk addımlarını atması üçün bizlərin bir neçə çətin olmayan addım atmağımız tələb olunur”.
UNİCEF “Hər bir uşağa həyat” adlı qlobal kampaniyaya başlayıb. Bu kampaniya dünyaya göz açan hər bir körpənin sağ qalması üçün lazımi tədbirlərin görülməsi ilə bağlı hökumətlərə, tibb işçilərinə, sponsorlara, biznesmenlərə, ailələrə edilən çağırışdır.