Yunanıstan kreditorlar ilə razılaşma üzrə yeni təkliflər çərçivəsində Avropa sabitlik mexanizmindən (ESM) 53,5 milyard avro dəyərində üç il müddətinə maddi yardım istəyib.
Pullar kreditorlar qarşısında öhdəçiliklərin ödənilməsinə sərf ediləcək, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
Yunanıstan 2016-cı ilin sonuna qədər daha zəngin və turistlərin daha sıx səfər etdikləri adalar istisna olmaqla, adaların əlavə edilən dəyərinə imtiyazlı verginin saxlanılmasını təklif edir. Daha öncə isə hökumət bütün adalar üçün imtiyazlı verginin saxlanılmasına inad edirdi. Bundan başqa, Afina 2020-ci ilə qədər yoxsul təqaüdçülər üçün əlavə təqaüdü saxlamaq niyyətindədir.
Yunanıstanın Nazirlər Kabineti kənd təsərrüfatı istehsalçıları üçün bir sıra imtiyazları saxlamaq, eləcə də korporativ vergini 26 faizdən 28 faizə qədər artırmağa razıdır. Bundan başqa, Afina quruda fəaliyyət göstərən şirkətlər üçün vergiləri artırmaq və gəmi sahibləri üçün imtiyazları ləğv etmək, eləcə də vergilərdən yayınmaqla mübarizəni sərtləşdirməyə razıdır.
Baş nazir Aleksis Tsiprasın hökuməti dəbdəbə və televiziya reklamı üçün vergi qoymaq, eyni zamanda dərman, kitab və teatra biletlərə ƏDV-ni azaltmağa razıdır. Bundan başqa, Afina nəhəng Pirey və Salonik limanlarını, TRAINOSE və ROSCO dəmiryolu şirkətlərini özəlləşdirməyi planlayır.