Yunanıstan Parlamenti miqrantlarla bağlı qanun layihəsini təsdiqləyib. Qanun layihəsi sığınacaq axtaran və bununla bağlı müraciətləri rədd edilmiş şəxslərin deportasiyasının sürətləndirilməsinə və onların Avropa İttifaqı (Aİ) hüdudlarından kənardakı mərkəzlərə köçürülməsinə imkan verir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi məlumat verib.
Yunanıstan tərəfindən miqrantların Aİ hüdudlarından kənardakı "qayıdış mərkəzlərinə" deportasiyası üçüncü ölkələrlə ikitərəfli razılaşmaların əldə edilməsindən sonra mümkün olacaq. Miqrasiya məsələləri üzrə nazir Tanos Plevris bildirib ki, Avropa hökumətləri blok xaricindəki ölkələrlə danışıqlar aparır və 2027-ci ildə ilk belə mərkəzləri işə salmağı hədəfləyir.
"Yunanıstan hökuməti artıq iki Afrika ölkəsi ilə məsləhətləşmələr aparıb", - deyə Plevris bildirib, lakin məhz hansı ölkələrdən söhbət getdiyini deməyib.
Avropanın ən cənubunda yerləşən Aralıq dənizi ölkəsi və miqrantlar üçün əsas giriş məntəqəsi olan Yunanıstan 2015-2016-cı illər böhranının ön sıralarına düşüb ki, o zaman Yaxın Şərq və Afrikadan olan bir milyondan çox insan sərhədi keçərək Avropaya yola düşmüşdü. O vaxtdan bəri gələnlərin sayı azalıb, lakin Afrika sahillərinə ən yaxın iki Egey adasında - Krit və Qavdosda son bir neçə ildə əsasən Liviyadan miqrantları daşıyan qayıqların sayı kəskin şəkildə artıb.