Rusiyanın tərəfdaşları Moskvanın Ukraynanın energetika obyektlərinə qarşılıqlı zərbələr endirməmək barədə "real istəyini" təmin etməyə hazır olsalar, Ukrayna da Rusiyanın enerji obyektlərinə zərbə vurmaqdan imtina edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsində bildirib.
O qeyd edib ki, Kiyev tərəfdaşlarına (ehtimal ki, söhbət ABŞ-dən gedir - red.) Rusiya ilə ərzaq və energetika da daxil olmaqla, kritik infrastrukturun məhv edilməsini dayandıracaq razılaşmanı təmin etməyi təklif edib. Bununla belə, Ukrayna Rusiyanın həqiqətən də hər hansı razılaşmaya əməl etmək istədiyinə əmin deyil.
Zelenski müharibəni başa çatdırmağın zəruri olduğunu və kritik infrastruktura zərbələrdən imtina edilməsinin sülhə doğru ilk addım ola biləcəyini bəyan edib.
"Tərəfdaşlardan konkretlik gözləyirik", - deyə o əlavə edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp sentyabrın 14-də Rusiya və Ukraynanın bir-birinin enerji obyektlərinə zərbə vurmamağa razılaşdıqlarını elan edib.