Kürdəmir rayonunda yeddiotaqlı fərdi yaşayış evində yanğın baş verib.
Oxu.Az Baku TV-yə istinadla bildirir ki, hadisə rayonun Garis-Əyribənd kəndində qeydə alınıb.
Belə ki, yanğın kənd sakini, 45 yaşlı Füzuli Ağakişi oğlu Nəcəfova məxsus, ümumi sahəsi 360 kvadratmetr olan yeddiotaqlı evdə baş verib. Yanğın həyətyanı sahədə yığılmış ot tayasından başlayıb və qısa zamanda evə keçib.
Ev sahibinin sözlərinə görə, yanğın nəticəsində ona ümumilikdə 15 min manatdan çox maddi ziyan dəyib.
"Uşaqları götürüb çıxınca gördüm ki, alışıb yanır. Qarşıdan da qış gəlir, iki əlil uşağım var, harada qalım?", - deyə ev sahibi bildirib.
Hadisə yerinə FHN-in Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.
Hazırda faktla bağlı araşdırma aparılır.