ABŞ Prezidenti Donald Trampın avqustun 18-də Ukrayna lideri Volodimir Zelenski ilə danışıqları uğurla nəticələnərsə, Vaşinqtonda Rusiya Prezidenti Vladimir Putin ilə görüş təyin olunacaq.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Donald Tramp "Truth Social" hesabında paylaşım edib.
Ağ Evin rəhbəri belə bir görüşün üçtərəfli olub-olmayacağına aydınlıq gətirməyib.
"Prezident Zelenski bazar ertəsi (18 avqust) gündüz saatlarında Vaşinqtona gəlmək, Oval kabineti ziyarət etmək niyyətindədir. Əgər hər şey uğurlu alınarsa, Prezident Putinlə görüş təyin edəcəyik. Ola bilsin ki, bu, milyonlarla insanın həyatını xilas etsin", - deyə ABŞ lideri yazıb.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla avqustun 18-də Vaşinqtonda görüşməyi planlaşdırır.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Zelenski Tramp və Avropa liderləri ilə telefon danışığından sonra öz "Telegram" kanalında paylaşım edib.
"Bazar ertəsi (18 avqust) Vaşinqtonda Prezident Trampla münaqişəyə son qoymağın bütün təfərrüatını müzakirə etməyi planlaşdırıram. Dəvətə görə minnətdaram", - deyə Zelenski yazıb.
O əlavə edib ki, söhbət bir saat yarım davam edib və mənalı keçib. Onun sözlərinə görə, Tramp Rusiya Prezidenti Vladimir Putinlə danışıqların əsas məqamlarını açıqlayıb.