18 
May
2023
17:48
83
30
2299
Virtual karabakh

Yetmiş faizi xarici bazarlara çıxarılan Azərbaycan məhsulu necə istehsal edilir? - REPORTAJ + FOTO

18 May, 2023
17:48
2299

Yetmiş faizi xarici bazarlara çıxarılan Azərbaycan məhsulu necə istehsal edilir? - REPORTAJ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Karbamid gübrəsinə olan yüksək tələbat onun aşağı maya dəyəri, qənaətcil və təhlükəsiz daşınması, rahat tətbiqi və kənd təsərrüfatında yüksək məhsuldarlıq verməsi ilə əlaqədardır. Karbamid yanğın və ya partlayış təhlükəsi yaratmadığına görə saxlanılma və daşınma baxımından etibarlı və qənaətcil məhsul hesab edilir.

Ən yüksək – 46,3% azot tərkibinə malik və suda tez həllolma qabiliyyətinə görə seçilən bu gübrə növü ammonyak və karbon dioksidin sintezi nəticəsində əldə edilir. Karbamidin başqa bir üstünlüyü onun həm ayrı, həm də digər gübrələrlə birgə istifadə oluna bilməsidir. Bundan başqa, karbamiddən mal-qara yemi və digər kimyəvi maddələrin istehsalında, eləcə də əczaçılıqda geniş istifadə olunur.

Azərbaycanın karbamidə olan tələbatı SOCAR-ın Karbamid zavodu tərəfindən təmin edilir. Təməli 2011-ci ildə qoyulan Karbamid zavodunun açılış mərasimi 16 yanvar 2019-cu il tarixində Prezident İlham Əliyevin iştirakı ilə baş tutub.

Oxu.Az-ın əməkdaşı Sumqayıt şəhərində yerləşən zavodda istehsal prosesi ilə tanış olub. Karbamid zavodundan reportajı təqdim edirik.

Öncə onu qeyd edək ki, SOCAR-ın Karbamid zavodu istismara verildiyi dövrdə ölkədə qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihə olub. Layihənin maliyyələşdirilməsi ilkin dövrdə dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti hesabına həyata keçirilib. Daha sonra Cənubi Koreyanın İxrac-İdxal Bankından (KEXIM), habelə “Societe Generale” (Fransa), “Deutsche Bank” (Almaniya) və “UniCredit” (Avstriya) banklarından dövlət zəmanəti əsasında 500 milyon avro məbləğində vəsait cəlb edilib. Həmçinin, layihə ilə bağlı digər xərclərin ödənilməsi məqsədilə SOCAR tərəfindən 83 milyon avro məbləğində vəsait ayrılıb.

Karbamid zavodu partlayış təhlükəli müəssisə olduğuna görə buraya daxil olmaq xüsusi icazə ilə mümkündür. Həmçinin, zavodda xüsusi təhlükəsizlik qaydalarına riayət etmək mütləqdir. Bu tələblər təkcə işçilər üçün keçərli olmadığına görə çəkiliş üçün gələn müxbir və fotoqraflara da SƏTƏMM (sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi) otağında xüsusi məlumatlandırma keçilir. Riayət etməli olduğumuz məsələlər haqqında məlumat verən mühəndis Mirsadiq Seyidov bildirir ki, xüsusilə siqaret istifadə edən şəxslər zavodda ayrılmış yerlərdən kənarda qəti şəkildə siqaret yandıra bilməzlər:

“Siqaret çəkmək üçün zavodda iki nöqtə ayılıb ki, bunlardan biri qeyri-istehsalat sahəsinə yaxın, digəri isə istehsalat sahəsinin yanındadır.

İstehsalat sahəsinə aid olan hissələr içərisində xüsusi qurğulardan ibarət buxar istehsalını həyata keçirən bölmə, qazanxanalar, ammonyak sahəsi, su soyuducu mexanizmlər, karbamid sahəsi və köməkçi qurğular hissəsi daxildir. Hazır olan karbamid xüsusi anbarlarda saxlanılır, qablaşdırılaraq müvafiq şəkildə daşınması həyata keçirilir.

Xüsusi qurğulara qaz daxil olduqdan və müəyyən proseslərdən keçdikdən sonra ammonyak qazına çevrilir. Bundan sonra kimyəvi proseslərdən keçən ammonyak qazı əvvəl maye şəklində karbamidə, daha sonra sıxılaraq dənəvər formada gübrəyə çevrilir.

Hazır məhsulu açıq anbara göndərib, daha sonra paketləmə anbarına ötürürük. Müvafiq olaraq, 40 və 800 kiloqramlıq, 1 tonluq kisələrə doldurub, həm xarici, həm də daxili bazara satış üçün yola salırıq.

Zavodun daxilində təxliyə üçün iki hissədə toplama məntəqəsi var. Fövqəladə hadisə zamanı hansı toplama məntəqəsindən təxliyənin həyata keçiriləcəyi küləyin istiqamətindən asılı olaraq müəyyənləşdirilir. Küləyin istiqamətini ölçmək üçün də zavod daxilində xüsusi qurğular mövcuddur. Zavodda istehsal edilən karbamidin əsasını təşkil edən ammonyak qazı təhlükəli olduğundan zavod işçilərinə xüsusi maskalar da verilib. Maskalar 50 saat müddətində zərərli qazın təsirindən qoruyaraq, hansısa ani hadisə zamanı işçilərin təxliyəsini həyata keçirməyə imkan yaradır. Qəza və təhlükəli hadisələrin baş verməməsi üçün bütün tədbirlər alınıb. Bununla belə, risklərdən sığortalanmaq üçün fövqəladə hallarda da nə etmək lazım olduğunu bilmək vacibdir”.

Karbamid zavodunda tullantıların necə idarə olunduğu haqqında sualımızı cavablandıran M.Seyidov deyir ki, bu məsələyə də ciddi yanaşılır və xüsusi prosedurdan keçən tullantılar həddi aşmamaqla xaric edilir:

“Tullantıların idarəsi zamanı “Layihələrin maliyyələşdirilməsi zamanı ekoloji və sosial risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və idarəçiliyi üzrə ekvator prinsipləri”nin tələblərinə əməl edilir, bütün müvafiq tədbirlər görülür ki, atmosferə və su hövzələrinə atılan tullantılar yol verilən həddi keçməsin. Bu hədd Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xüsusi icazə limiti əsasında müəyyənləşib. Zavodun özünün daxilində çirkab sularının təmizlənməsi üçün xüsusi vasitələr var. Buradan keçən su zavod ərazisində olan drenaj kanalları vasitəsilə xaric edilir. Biz axıtdığımız suyun tərkibində olan çirklənmənin miqdarını görə bilirik”.

SƏTƏMM işçisi onu da vurğulayır ki, ümumilikdə zavodda 500-dən çox əməkdaş çalışır:

“Zavodun qeyri-istehsalat sahəsində istirahət otaqları, SƏTƏMM otağı mövcuddur. Hər hansı işçinin səhhətində problem yarandığı durumda ilkin tibbi yardım göstərilir. Əməkdaş özü yaxınlaşa bilirsə, SƏTƏMM otağında, digər hallarda isə həkim ona yaxınlaşmaqla tibbi yardım edir. Bütün işçilər zavodda işə götürülərkən mütləq təlim, məlumatlandırma keçirlər, həmçinin vaxtaşırı onlara yenidən təlimlər keçirilir, detallı informasiya verilir, bütün suallar cavablandırılır”. 

Zavodda istehsal edilən məhsulun saxlanması prosesi ilə də tanış oluruq. Əmtəə və anbar sahəsi üzrə rəis müavini Rafael Gülməmmədov bildirir ki, burada açıq halda olan karbamid bir, qablaşdırılmış karbamid isə digər anbarda saxlanılır. Hətta qablaşdırılmış karbamidin daxili bazara çıxarılacaq hissəsi ayrı, xarici bazara çıxarılacaq hissəsi də ayrıca saxlanılır:

“Sifarişlə əlaqədar olaraq, 750, 800, 900 kiloqramlıq, 1 tonluq qablaşdırmalar mümkündür. Bunlar böyük qablaşdırmalar hesab olunur və konteynerlə, avtomobillə, açıq vəziyyətdə aparılması mümkündür. Daxili bazara çıxarılan məhsul isə əsasən, 40 kiloqramlıq kisələrə doldurulur.

Karbamid torpaqda asan həll edilməsi ilə seçilən gübrədir. Meyvə ağacları, bostan bitkiləri, taxıllar, tərəvəzlərdə həm açıq, həm də örtülü sahədə istifadə olunur. Karbamid azot tərkibli olduğu üçün yağışlı dönəmlərdə və sulama zamanı yuyulur. Bu səbəbdən karbamidin torpağa verilməsi bitkinin inkişafının müxtəlif mərhələlərində baş tutur. Erkən yaz vaxtı əlavə yemləmələrdə, səpinlə birgə və bütün növ bitkilərin vegetasiya dövründə tətbiq edilir. Torpağın məhsuldarlığından asılı olaraq, hər hektara 120-150 kiloqram istifadə etmək olur. Bu, norma hesab edilir.

Karbamidin tərkibində azot yüksək faizdə olduğu üçün bitkilərdə yaşıl kütlənin artımına xidmət edir. Beləliklə də, məhsuldarlığa və məhsulun keyfiyyətinə effektiv təsir edir. Bu gübrə torpaqda turşuluğu artırır. Buna görə də turş olmayan torpaqlar üçün məsləhət görülür. Torpağa karbamid verilməzdən öncə əkiləcək bitkinin vegetasiya dövründə nə qədər azota ehtiyacı olduğunu bilmək lazımdır.

Gübrənin saxlanması və tətbiqi zamanı xüsusi təhlükəsizlik qaydalarına da riayət edilməlidir. Karbamid paketlərinin Günəş şüaları düşən yerdə saxlanılması tövsiyə edilmir. Gübrə qranullarının, yəni dənələrinin həddindən artıq isinməsi və ya soyuması arzuolunmazdır. Karbamidi müsbət 4-dən müsbət 20 dərəcəyə qədər rütubətsiz, Günəş şüaları düşməyən məkanda 9-24 ay saxlamaq mümkündür”.

Direktor köməkçisi Tural Həsənov bildirir ki, Karbamid zavodunun gündəlik istehsal həcmi 2 000 tondur:

“Bununla bərabər, zavodun illik istehsal gücü 660 min ton müəyyən edilib. İstehsal olunan məhsulun 30%-i daxili bazar, 70%-i ixrac üçün nəzərdə tutulub. Daxili bazarın tələbatı tam ödənilir.

2022-ci ilin birinci yarısında “SOCAR Karbamid”in istehsal həcmi 23,3% artıb. Altı ayda ixrac həcmi isə 254% artıb. Həmçinin ixrac dəyəri 10 dəfədən çox artıb. İxrac olunan ölkələrin “Top 5”liyində Hindistan, Braziliya, Moldova, Türkiyə və Bolqarıstan yer alır”.

Daha çox foto burada: PhotoStock.az

Aysel Aslan

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri