27 
Fev
2024
20:12
185
60
24534
Virtual karabakh

Məcburi köçkünlər üçün tikilən binalardakı mənzillərin satış QİYMƏTLƏRİ

27 Fev, 2024
20:12
24534

Məcburi köçkünlər üçün tikilən binalardakı mənzillərin satış QİYMƏTLƏRİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən ilin yanvar ayından keçmiş məcburi köçkünlər üçün tikilmiş və istifadəsiz mənzillərin onlayn satışına başlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlayn formada satışı həyata keçirilən mənzillər paytaxtın Sabunçu rayonunun Ramana və Kürdəxanı qəsəbələrində, Qaradağ rayonunun Ümid qəsəbəsində, habelə Abşeron və Samux rayonlarındakı yeni yaşayış binalarında yerləşir.

Qaydalara görə, hər kəsə mənzilləri almaq hüququ və maksimum üç mənzili bron etmək imkanı verilir. Həmçinin, mənzilləri banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar.

Mənzillərin qiymətinə gəldikdə isə vətəndaşlara güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş orta bazar qiymətindən aşağı müəyyən olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, satışa çıxarılan mənzillərin dəyərini nazirlik tərəfindən dəvət olunan müstəqil qiymətləndiricilər təyin ediblər.

Nümunə üçün satışa çıxarılan mənzillərin bəzilərinin qiymətləri ilə tanış olaq:

Bakının Ümid qəsəbəsində satışa çıxarılan 83,5 kvadrat metr sahəsi olan üçotaqlı mənzilin qiyməti 58 450 manatla 61 790 manat arasında dəyişir. Ramana qəsəbəsində satışa çıxarılan hələ bron edilməmiş 67 320 manata təklif olunan üçotaqlı mənzillər mövcuddur. Abşeron rayonundakı yeni yaşayış kompleksində də eyni göstəricilərlə oxşar qiymətə mənzillər təklif olunur.

Satış prosesinin 2023-cü il iyulun 1-dək davam edəcəyi gözlənilsə də, hazırda nazirliyin müvafiq portalına daxil olduqda hələ də satılmayan, öz alıcısını gözləyən mənzillərin mövcudluğu aydın olur. Maraqlıdır ki, digər sosial layihələrdə güzəştli şərtlər və ya bazar qiymətindən aşağı qiymətə təklif edilən mənzillərin satışı bir neçə saniyə ərzində yekunlaşır.

Hazırda neçə mənzilin satıldığını öyrənmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə sorğu ünvanladıq.

Qurumdan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 1662 mənzildən 300 mənzil satılıb:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakıda, Abşeron və Samux rayonlarında yerləşən binalardakı mənzillərin onlayn satışı “ms.sosial.gov.az” portalında həyata keçirilir.

Ötən ildən başlayan proses ümumilikdə beş kompleks üzrə 1662 mənzili əhatə edir. Onlardan 300-ə yaxın mənzilin satışı artıq həyata keçirilib.

Sözügedən komplekslərdən üçü - Bakının Qaradağ rayonundakı Ümid qəsəbəsində, Abşeron və Samux rayonlarında yeni binalarda yerləşən, çıxarışlı və tam təmirli mənzillərin onlayn satışı hazırda davam edir.

Mənzilləri alan şəxslər tərəfindən mənzillərin dəyəri tam ödənilməklə onlarla notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanır və mənzillər sahiblərinə təqdim olunur.

Yeni binalarda yerləşən həmin mənzillər hər biri çıxarışlı və tam təmirlidir, istifadə olunmayıb.

Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldiləcək”.

Bir sözlə, bir il ərzində mənzillərin təxminən 18-19 faizi satılıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri