Ağstafa rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Ağstafa və Qazax Rayon Mərkəzi Xəstəxanasının birgə məlumatında bildirilib ki, martın 21-də saat 05:20-də Ağstafa rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan iki nəfər (kişi) bədənin müxtəlif nahiyələrinin travması və sınığı diaqnozları ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
"Pasiyentlərin hər birinə ilkin tibbi xidmət göstərilib, daha sonra hər ikisi Qazax Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.
Qazax Rayon Mərkəzi Xəstəxanasında bir saat müşahidə altında saxlandıqdan sonra Gəncədə yerləşən özəl tibb müəssisələrindən birinə təxliyə olunublar", - deyə məlumatda bildirilir.
Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu gün səhər saatlarında yol kənarında dirəyə çırpılmış avtomobil aşkarlanıb və nəqliyyat vasitəsinin yanında sürücü olmayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-a verilən məlumata görə, hadisə martın 21-də səhər saatlarında Ağstafa rayonunun Qırlı kəndi ərazisində qeydə alınıb.
"Rayon sakini, 49 yaşlı Rafael İsmayılov idarə etdiyi VAZ-2107 markalı avtomobillə Bakı-Qazax-Gürcüstanla dövlət sərhədi avtomagistralının 457-ci kilometrliyində hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı maneəyə çırpılıb.
Hadisə yerinə cəlb olunan polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
Qəza nəticəsində avtomobildə olan sərnişin, 49 yaşlı Ağstafa rayon sakini Rəşadət Mansırov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir".