Bakıda gənc oğlanı qatar vurub.
Oxu.Az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) verilən məlumata görə, hadisə ötən gün saat 11:13-də Nərimanov-Böyükşor sahəsində baş verib. Hərəkətdə olan Bakı-Sumqayıt qatarının qarşısına qəfil adam çıxıb.
Maşinist tərəfindən təcilli tormozlama həyata keçirilsə də, məsafə az olduğundan qəza qaçılmaz olub. Nəticədə ağır xəsarətlər alan 2004-cü il təvəllüdlü Anar Rövşən oğlu Quliyev ölüb.
ADY bir daha vətəndaşları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır.
Nəzərə almaq lazımdır ki, yol hər zaman qatarındır. Təəssüf ki, sürücü və piyadaların diqqətsizliyi, tələskənliyi, qaydalara laqeyd münasibət bəzən arzuolunmaz hallara səbəb olur.
Unutmaq olmaz ki, qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır.