Qaradağ rayonunda yerləşən Azər Namazov adına 180 nömrəli tam orta məktəbdə Riyaziyyat müəlliminin məktəbin direktor müavinini döyməsinin təfərrüatı məlum olub.
Məktəbdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılır:
"28 oktyabr 2025-ci il tarixində 180 nömrəli tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəlliminin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə üzrə təşkilatçısı ilə münaqişəsi yaranıb və ona xəsarət yetirib.
Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib. Araşdırma nəticəsində riyaziyyat müəllimi İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən cərimə olunub. Məsələ ilə bağlı məhkəməyə müraciət olunduğu üçün araşdırma davam edir.
Məktəbdə pedaqoji mühitə zidd davranışına, məktəb rəhbərliyinə, müəllimlərə qarşı uyğunsuz münasibətinə və "Təhsilverənlərin etik davranış Qaydaları"nı pozduğuna görə qeyd olunan riyaziyyat müəlliminə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib".
Əzizə İsmayılova
Bakının Qaradağ rayonunda yerləşən Azər Namazov adına 180 nömrəli tam orta məktəbdə insident baş verib.
Oxu.Az Teleqraf.az-a istinadla xəbər verir ki, hadisə tədris prosesi zamanı qeydə alınıb.
Riyaziyyat müəllimi məktəbin direktor müavinini döyüb. Nəticədə müavin çənəsindən və bədənin digər nahiyələrindən xəsarətlər alıb.
Hadisə məktəbdə olan müəllimlər və şagirdlər tərəfindən müdaxilə edilərək sakitləşdirilib.
Məlumata görə, riyaziyyat müəllimi məsuliyyətə cəlb edilib. Faktla bağlı araşdırma aparılır.