Dekabrın 31-də saat 16:20-də Göyçay rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar yeddi nəfər (kişi cinsli) Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Məlumatda qeyd olunub ki, onlara bədənin müxtəlif nahiyələrinin travmaları, qapalı kəllə-beyin travması, başın təpə sümüyünün sınıqları, üzün və bədənin müxtəlif nahiyələrinin kəsilmiş, sıyrılmış yaraları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib:
"Vəziyyətləri ağır qiymətləndirilən 1998-ci il, 2000-ci və 2020-ci il (iki nəfər) təvəllüdlü pasiyentlərin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. 1995-ci il təvəllüdlü pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti qənaətbəxş qiymətləndirilir".
Həmçinin bildirilib ki, vəziyyəti qənaətbəxş qiymətləndirilən 2006-cı il təvəllüdlü şəxs ambulator müalicə üçün evə buraxılıb:
"Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 17:00-da 2018-ci il təvəllüdlü şəxsin ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə təhvil verilib".
Eyni zamanda qəzada ölən və xəsarət alanların kimlikləri də məlum olub.
Məlumata əsasən, xəsarət alanlar 1998-ci il təvəllüdlü Rauf Haqverdiyev, 1995-ci il təvəllüdlü Kərim Məsimov, 2000-ci il təvəllüdlü İsa Əliyev, 2006-cı il təvəllüdlü Loğman Əliyev, eləcə də 2020-ci il təvəllüdlü O.M. və A.M.-dir.
Qəza nəticəsində 2018-ci il təvəllüdlü N.M. aldığı xəsarətlərdən vəfat edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb və hazırda istintaq aparılır.
Məhərrəm Əliyev
Göyçayda ağır yol-nəqliyyat hadisəsində xəsarət alanlardan biri ölüb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, 2018-ci il təvəllüdlü azyaşlı həyatını itirib.

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib, beş nəfər xəsarət alıb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Mırtı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" və VAZ-2106 markalı avtomobillərin toqquşması nəticəsində ikisi azyaşlı olmaqla beş nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıblar və həkim nəzarətinə götürülüblər.
Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.