Kürdəmirdə canavarlar kəndə hücum ediblər.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Çölqubalı kəndində qeydə alınıb.
Vəhşi heyvanlar səhər saatlarında kənd sakini Şahin Səfərova məxsus 16 baş xırdabuynuzlu heyvanı parçalayıblar. Sakinlərin sözlərinə görə, sıx yulğunluqla əhatə olan kənd mütəmadi olaraq vəhşi heyvanların hücumuna məruz qalır. Son həftə ərzində kəndə sürü halında hücum edən canavarlar sakinlərin onlarla xırdabuynuzlu heyvanını tələf ediblər.
Kənd bələdiyyəsinin sədr müavini Balamirzə Ağayev deyib ki, məsələ ilə bağlı aidiyyəti üzrə məlumat veriləcək və tədbirlər görüləcək.