Quba rayonunda toy karvanında baş verən qəza nəticəsində ölən və yaralanan şəxslərin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Quba-Xaçmaz avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə noyabrın 10-u, saat 13:10-da 1 nəfər (kişi cinsli) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 2002-ci il təvəllüdlü şəxsə bədənin müxtəlif nahiyələrinin kiçikölçülü əzilmiş və sıyrılmış yaraları, həmçinin qapalı kəllə-beyin travması diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. Müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilən pasiyentin vəziyyəti orta ağır qiymətləndirilir.
Qeyd edək ki, hadisə zamanı 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb", - məlumatda qeyd olunub.
Quba rayonunda toy karvanında baş verən qəza nəticəsində ölən və yaralanan şəxslərin adları məlum olub.
Oxu.Az-ın məlumatına görə, hadisə Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində baş verib.
Xaçmaz rayon sakini 23 yaşlı Şahbala Asəf oğlu Mehtiyev VAZ-2107 markalı avtomobilə idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarında olan ağaca çırpılıb.
Sürücü hadisə yerində ölüb.
Hadisə nəticəsində avtomobildə olan sərnişin Ceyhun Zülfüqar oğlu Süleymanov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli
Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Quba rayonunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, toy karvanında olan VAZ-2107 markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb.
Hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Əli Məmmədov