"İyulun 18-də saat 07:00-da Quba rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan üç nəfər (kişi cinsli) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, 2004-cü il təvəllüdlü şəxsə sağ bud sümüyünün çıxığı diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilib:
"2008-ci il təvəllüdlü şəxsə qapalı kəllə-beyin travması, komatoz vəziyyət, beyin silkələnməsi diaqnoz təyin olunaraq Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır dəyərləndirilir".
"2004-cü il təvəllüdlü şəxsə isə qapalı-kəllə beyin travması, baş-beyin əzilməsi, üzün sağ nahiyəsinin kəsilmiş-cırılmış yarası diaqnozu təyin olunaraq Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır olaraq qiymətləndirilir", - deyə sonda qeyd olunub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Quba şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, VAZ markalı minik avtomobili ilə "KamAZ" markalı yük avtomobili toqquşub, bir nəfər minik avtomobilində sıxılı vəziyyətdə qalıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub:
"Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində üç nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib".
Məhərrəm Əliyev