Sumqayıtda dəm qazından boğulan 32 yaşlı Məzahir Məcdunovun Vətən müharibəsi şəhidi Xalid Məcdunovun qardaşı olduğu məlum olub.
Oxu.Az xəbər verir ki, Xalid Məcdunov Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
O, 2020-ci il oktyabrın 2-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Qobustan rayonunun Poladlı kəndində dəfn olunub.
Sumqayıtda dəm qazından boğulan 32 yaşlı kişi sahibkar imiş.
Oxu.Az-ın məlumatına görə, dəm qazından boğulan Məzahir Məcdunovun Sumqayıt şəhəri, Yaşma bağları massivində fermer təsərrüfatı var imiş.
O, ötən gün fermaya heyvanlara baxmağa gəlib və axşam çobanların yanında qalıb. Səhər saatlarında fermer təsərrüfatının həyətindəki hamamda yuyunan Məzahir dəm qazından boğulub. Onun meyitini çobanlar hamamda aşkarlayıblar.
Faktla bağlı araşdırmalar davam edir.

Samir Əli
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə Yaşma bağları ərazisində yerləşən fərdi yaşayış evində baş verib.
Belə ki, 1994-cü il təvəllüdlü Məzahir Zahid oğlu Məcdunov evin hamam otağında dəm qazından boğularaq həyatını itirib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.