Millimizin sabiq futbolçusu Samir Abbasovun bu gün 40 yaşı tamam olur.
Oxu.Az xəbər verir ki, bu münasibətlə o, hazırda baş məşqçisi olduğu “Sumqayıt" klubunun mətbuat xidmətinə futbolçu karyerasına dair müsahibə verib.
“Neftçi”, “Qarabağ” və “İnter” (indiki “Keşlə” – S.T.) kimi Azərbaycanın çempionluğa iddialı klublarında forma geyinmiş Abbasov futbolçu olduğu dönəmlərdə müdafiəçi olmasına baxmayaraq, 9 nömrəli formanı geyinməsinə aydınlıq gətirib:
“Vallah, bu nömrənin heç bir anlamı yoxdur. Bu barədə əvvəllər də soruşan olub, demişəm. O zaman indiki kimi şərait yox idi. İndi futbolçu istənilən nömrəni seçib formanın arxasına yazdıra bilir. O vaxt bu sahədə problemlər var idi. Millidə oynadığım zaman bədən ölçüm böyük idi və inzibatçıdan əynimə dar olmayan forma istədim. Ən böyük forma ölçü etibarilə “9 nömrə” idi. Bununla da “9 nömrə”nin tarixçəsi başladı. Hətta bir dəfə Murad Ağakişiyev bu formanı məndən istədi, etiraz etmədim. Lakin yenə böyük ölçü məhz bu geyimdə olduğu üçün məndə qalası oldu. Bundan sonra da elə “9 nömrə”li formada oynamağa davam etdim”.
Məşqçi kimi Türkiyənin I divizionunda çalışmaq istədiyini bildirən Samir Abbasov “Qarabağ”a 2010-cu ildə 3-cü qayıdışını “uğursuz” adlandırıb:
“Oynadığım klubların hamısı mənim üçün doğma olub. Lakin “İnter”dəki uğurlu karyeram - iki çempionluq və bir gümüş medal, həmçinin bu klubdakı kapitanlıq daha yadda qalan olub. Deməzdim ki, “Qarabağ” karyeram uğursuz alınıb. Bu, belə deyil. Sadəcə olaraq, Ağdam təmsilçisinə 3-cü gəlişimi uğursuz adlandırmalıyam. Bunun bir çox səbəbi var. Çünki həmin dövrdə milli komandanın uğursuz çıxışı və bir təcrübəli futbolçu kimi tənqid olunmağım üzərimdəki təzyiqləri artırmışdı. Hər zaman belə olub, uğursuzluq zamanı daha çox təcrübəli futbolçular əziyyət çəkir, tənqid olunur, məhz yaşlılar təzyiq altında qalır. “Qarabağ”a 3-cü qayıdışım zamanı nəticələr uğursuz deyildi. Avropa Liqasında üç mərhələ keçdik və həlledici mərhələdə Dortmund “Borusia”sına məğlub olduq. Lakin dediyim kimi, milli komandanın oyunları ilə əlaqədar mətbuatın üstümə gəlməsi, ümumi təzyiqlər oyunuma mənfi təsirini göstərdi. Məhz bu təzyiqlərin nəticəsində toparlana bilmədim, hətta ilin tamamında karyeramı başa vurmaq haqqında düşünməyə başladım”.
Samir Abbasov karyerasının sonlarında ləngliyinə görə azarkeşlər və media tərəfindən tənqid olunmasından da danışıb:
“Klubdakı tənqidlərə o qədər də fikir vermirdim. Çünki oynadığım komandalarda daim uğur qazandığım üçün bunun o qədər də önəmi olmurdu. Lakin millidəki tənqidlər mənə həddindən artıq pis təsir edirdi. Bəzən yazılanların sifariş olduğunu hiss edirdim. Almaniya ilə oyundan sonra Yoaxim Löv bizim komandadan Vaqif Cavadovla məni fərqləndirmişdi. Məhz bu açıqlamadan sonra bəziləri Lövü savadsızlıqda ittiham etdi. Amma o, Almaniya ilə dünya çempionluğunu qazandı. Açığı, millinin hər məğlubiyyəti zamanı ən çox mənim tənqid olunmağımı anlaya bilmirdim. Ara-sıra mətbuatda “Berti Foqtsun sevimlisi” kimi qələmə verilirdim. Bəlkə də, bu məsələdə Foqts amili başlıca səbəb idi. Əgər baş məşqçini tənqid edirsənsə, onun yaxın bildiyi futbolçunu da tənqid etməlisən. Məhz bütün bunlar, əvvəldə dediyim kimi, “Qarabağ”a 3-cü qayıdışıma təsadüf etdi ki, bu da karyeramın sonunu yaxınlaşdırdı”.
S.T.
www.oxu.az