Oxu.Az-ın "TOP-al" podkastının yeni buraxılışı futbolçu sağlamlığı, zədələr və idman təbabətinin müasir futboldakı roluna həsr olunub.
Verilişin qonağı idman həkimi Fərid Səlimov olub.
Buraxılışda futbolçuların zədələnməsi zamanı həyata keçirilən tibbi proseslər, zədədən sonra bərpa və meydana qayıdış mərhələləri, eləcə də futbolçunun tibbi baxımdan nə zaman oynamağa hazır olduğu barədə danışılıb.
Podkastda zədəli futbolçunun ağrıkəsici qəbul edərək meydana çıxmasının mümkün riskləri, ağır zədələrdən sonra əvvəlki səviyyəyə qayıtmaq imkanları və təkrar zədələrin qarşısının alınması məsələləri də müzakirə olunub.
Fərid Səlimov futbolçuların psixoloji hazırlığının, düzgün yuxu və qidalanmanın, həmçinin bərpa prosesinin onların performansında və sağlamlığında roluna toxunub.
Verilişdə müasir futbolda oyun sayının artması və sıx təqvimin futbolçuların fiziki sağlamlığına təsiri də diqqət mərkəzində olub. Sıx oyun qrafikinin zədələnmə riskini artırıb-artırmadığı və futbolçuların sağlamlığının qorunması üçün hansı tədbirlərin görülməsinin vacibliyi barədə fikirlər səsləndirilib.
Futbolçuların zədələrdən sonra qarşılaşdığı çətinliklər, bərpa prosesi, idman təbabətinin futboldakı rolu və digər maraqlı məqamlarla bağlı daha ətraflı "TOP-al"ın yeni buraxılışında izləyə bilərsiniz.