Dünən ölkəmizin tarixində ilk dəfə müxtəlif ölkələrdən olan 150 qolfçunun iştirak etdiyi Azerbaijan Challenge Open qolf üzrə beynəlxalq turnirin açılışı baş tutub.
Bu hadisə ilə əlaqədar European Tour-un direktoru və təsisçilərindən biri – Alen de Soltre Azərbaycana gəlib.
Cənab de Soltre bizim bir neçə sualımıza cavab verməyə razılaşıb.
- Bizim ölkəmizdə son zamanlara qədər qolf və qolf dünyasının əsas fiqurları haqqında məlumat çox az idi. Bu fiqurlardan biri isə şübhəsiz ki, sizsiniz. Zəhmət olmasa, bir qədər özünüz haqqında danışardınız.
- Adım Alen de Soltredir, Fransadanam və son 23 il ərzində European Challenge Tour-un direktoruyam. Deyəsən, elə bu qədər (gülür).
- Siz Azərbaycan Qolf Federasiyasının ölkəmizdə bu idman növünün populyarlaşdırılması istiqamətində səylərini necə qiymətləndirirsiniz? Qubada yerləşən Qolf Klubu xoşunuza gəldi?
- Açığını desəm, nəticə gözlədiyimdən fərqli oldu. Buradakı Qolf Klubu əsrarəngizdir – gözəl sahə, inanılmaz landşaft, əla təchiz edilmiş qolf-haus. Bütün bunlardan başqa burada gözəl təbiət var – bu dağlar, meşə...
Biz bura gələndə nə ilə qarşılaşacağımızı bilmirdik, gördüklərimiz bizi çox təəccübləndirdi.
- Bakıda olmusuz?
- Bəli, Bakıda da olmuşam. Çox gözəl şəhərdir, çoxsaylı gözəl, müasir binalar, gözəl memarlıq nümunələri... Çox şadam ki, orda oldum.
- Qolfun Azərbaycanda inkişafına dair proqnozlarınız necədir?
- Qolfun inkişafı uzun prosesdir. Azərbaycan Qolf Federasiyasının prezidenti ilə görüşdə biz məhz bu idman növünün ölkənizdə inkişafı məsələlərini müzakirə etmişik. İstək olan yerdə hər şey mümkündür, həm də Bakıda gözəl Qolf Akademiyası, təcrübəli məşqçilər var.
Əminəm ki, Azerbaijan Challenge Tour turniri Azərbaycanda qolfun inkişafına yardım edəcək. Ümumiyyətlə, son zamanlara qədər qolfun tanınmış idman növü olmadığı bir ölkədə belə turnirin keçirilməsi inanılmaz uğurdur.
Eləcə də Qolf Klubunun Qubada yerləşməsi az əhəmiyyətli amil deyil, bu, yerli sakinlərin qolfa marağını artmasına səbəb olacaq.
Azərbaycan Qolf Federasiyası uşaqların tədrisinə diqqət ayırır, axı uşaqlar qolfun gələcəyi, Azərbaycanın gələcək peşəkar yığma komandasıdır.
- Sizin fikrinizcə, sözün əsl mənasında güclü komandanın hazırlanmasına nə qədər vaxt lazımdır?
- Dediyim kimi bu, çox uzun çəkən prosesdir. Gənc oyunçuların sürətləndirilmiş məşqləri şəraitində bu, ən azı beş il vaxt aparacaq.
- Siz azərbaycanlı oyunçuları tanıyırsınızmı? Məsələn, bu turnirdə Azərbaycanı təmsil edən Kamran Zeynalovu?
- Əlbəttə, mən onun haqqında eşitmişəm, o Şotlandiyada yaşayır. Amma mən onunla şəxsən tanış deyiləm və onun necə oynadığını hələ ki, görməmişəm. Mənə elə gəlir ki, ölkədə keçirilən bu ilk turnirdə Azərbaycanı təmsil edəcək oyunçunun olması çox mühümdür.
Mən həm Azerbaijan Challenge Open turnirinin bütün iştirakçılarına, həm də ölkənizdə qolfun inkişaf etdirilməsi istiqamətində apardığı işlərdə Qolf Federasiyasına uğurlar arzu edirəm.
- Müsahibə üçün təşəkkür edirəm.
Aliyə İsmayılzadə
www.oxu.az