"Hazırda uşaqlar üçün həyat çox çətindir. Uşaqlar Mars və digər planetləri xəyal edə bilərdilər. İndi müharibə vaxtı deyil".
Oxu.Az xəbər verir ki, bu barədə UEFA Konfrans Liqasında "Şemrok Rovers"lə oyundan əvvəl keçirilən mətbuat konfransında jurnalistin Ukraynada baş məşqçilik etməyin çətinlikləri barədə sualına cavabında "Şaxtyor Donetsk"in baş məşaçisi Arda Turan deyib.
O, mətbuat konfransında dünya liderlərinə müraciət edib:
"Ukrayna xalqına böyük hörmətim var. Mən oraya gedəndə bombardmanlar olurdu. İnsanlar rahatlıqla deyirdilər ki, "yaxşı, raket atıldı, keçdi". Dronlar artıq onlar üçün problem deyil. Məndən olsa, 100 dənə neqativ şey sayaram, amma artıq baxış bucağımı o insanlara görə dəyişdirirəm. Buradan dünya liderlərinə də demək istəyirəm. Bu, bəlkə, Tramp ola bilər, bəlkə, Putin, bəlkə, Ərdoğan, bəlkə də, Zelenski... Hazırda uşaqlar üçün həyat çox çətindir. Uşaqlar düşünürlər ki, müharibə nədir? Uşaqlar Mars və digər planetləri xəyal edə bilərdilər. İndi müharibə vaxtı deyil. Kiyevdə bir gün keçirsəniz, bəlkə, onda futbol haqqında danışa bilərik. Ukrayna xalqını da, oyunçularımı da sevirəm. Mən onlar üçün buradayam və bütün Ukrayna xalqını ailəm hesab edirəm".
Qeyd edək ki, UEFA Konfrans Liqası çərçivəsində "Şemrok Rovers" - "Şaxtyor Donetsk" qarşılaşması bu gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.