Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) 2019-cu ilə yekun vurub.
Oxu.Az xəbər verir ki, bununla bağlı Binə Atçılıq Mərkəzi daxilində fəaliyyət göstərən "Çapar" restoranında tədbir keçirilib.
Daha sonra atçılıq idmanı ilə bağlı videoçarx nümayiş etdirilib. Burda il ərzində keçirilən yarışlar, qazanılan uğurlar öz əksini tapıb.
Ardınca ARAF prezidenti, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev 2019-cu ildə təşkil olunan atçılıq tədbirlərinin yüksək səviyyədə işıqlandırılmasında göstərdiyi xidmətlərə görə fərqlənən media əməkdaşlarını təltif edib.
Mükafatlandırılanlar sırasında Oxu.Az-ın jurnalisti Səbuhi Musayev və fotoqrafı Ramil Zeynalov da olub. Həmçinin idmançılar, məşqçilər və hakimlər də mükafatlandırılıb.
Daha sonra ARAF prezidenti gələn il onları gözləyən iki mötəbər yarışdan danışıb. O bildirib ki, İsveçrənin Sankt Morits şəhərində 24-26 yanvar tarixlərində keçiriləcək növbəti Dünya Kubokunda Azərbaycan qar poloçuları yenidən iştirak edəcək. Həmçinin, sentyabrda Bakıda polo üzrə Avropa çempionatı yarışı baş tutacaq.
Bundan sonra mərasimin rəsmi hissəsi bədii səhnəciklə əvəz olunub. Əvvəlcə Dövlət Sərhəd Xidmətinin baş leytenantı Elnarə Xəlilova ifa edib. Daha sonra İlqar Muradov, Manana kimi müğənnilər ifaları ilə qonaqları feyziyab edib.