Yüksək temperatur səbəbindən Avstraliya Açıq Çempionatında oyunların başlama vaxtı dəyişdirilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə turnirin rəsmi sosial media hesabı məlumat yayıb.
Məlumata görə, yanvarın 27-də oyunların keçiriləcəyi Melburnda 40°C-dən çox isti olacağı proqnozlaşdırılır. Bu səbəbdən də oyunların başlama vaxtının dəyişdirilməsi barədə qərar qəbul olunub.
Belə ki, Avstraliya Açıq Çempionatının gənc tennisçilər arasında oyunları yerli vaxtla saat 9:00-da (Bakı vaxtı ilə saat 03:00) başlayacaq.
Marqaret Kortun adını daşıyan kortda keçirilməsi planlaşdırılan oyunlar saat 11:00-da (Bakı vaxtı ilə saat 05:00), Rod Leyverin adını daşıyan kortda oyunlar isə saat 11:30-da (Bakı vaxtı ilə saat 05:30) başlayacaq.
Qeyd edək ki, günün ilk kort oyunu dünya qadın tennisinin birincisi, belaruslu Arina Sobolenko və ABŞ-li İva Yoviç arasında olacaq.