Portuqaliyanın Odivelaş şəhərində cüdo üzrə Qran-pri yarışına start verilib.
Oxu.Az-ın məlumatına görə, ilk gündə Azərbaycan millisinin doqquz cüdoçusu mübarizə aparıb.
Onlardan üçü mükafatçılar sırasına düşüb. Turan Bayramov (60 kq) yarımfinalda məğlub olsa da, turniri bürünc medalla tamamlamağı bacarıb.
66 kq çəkidə isə Azərbaycanın iki üzvü fəxri kürsüyə çıxıb. Yaşar Nəcəfov (66 kq) finalda Beynəlxalq Cüdo Federasiyası bayrağı altında çıxış edən Yaqo Abuladzeyə uduzaraq, gümüş medala yiyələnib. Kamran Süleymanov isə bürünc mükafatçı olub.
Digər cüdoçular Balabəy Ağayev (60 kq), Könül Əliyeva (48 kq), Aydan Vəliyeva, Gültac Məmmədəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə və Açeliya Toprak (hər ikisi 57 kq) medal qazana bilməyiblər.
Qeyd edək ki, yarış yanvarın 28-də başa çatacaq. Azərbaycan yığması Qran-priyə 16 cüdoçu ilə yollanıb.
Rəylər